Məhkəmə qərarları › İş №3(010)-5790/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5790/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5790/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, X1 iştirakları ilə, xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 28 noyabr 2023-cü il tarixdə, axşam saatlarında ünvan 4 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, 28 noyabr 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, 87 nömrəli evin həyətində olarkən polis əməkdaşları məcburi qaydada Polis Şöbəsinə apardılar. O, ağır əməliyyat keçirmiş və başından sümük çıxarılmışdır. Buna görə də, polis əməkdaşlarının tam olaraq ondan nə tələb etdiklərini anlamamışdır. Polis əməkdaşları ona heçnə izah etməyiblər. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs barəsində məcburi gətirmə qərarı olmuş və polis əməkdaşları həmin qərarı icra ediblər. Bu halda hər hansı inzibati xətadan söhbət gedə bilməz. Sonda müdafiəçisi X4 qeyd etdiklərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, X3 bildirdi ki, Şəxs barəsində çıxarılmış məcburi gətirmə qərarını icra etmək üçün 28 noyabr 2023-cü il tarixdə, təxminən axşam saatlarında o, digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər. Şəxs barəsində məcburi gətirmə qərarı olduğunu bildirərək onlarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə getməsini təklif etsə də, lakin Şəxs onları çox aqressiv qarşılamış və heç yerə getməyəcəyini bildirmişdir. Bununla da Şəxs, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Belə ki, iş materiallarında olan 28 noyabr 2023-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, Şəxs, 28 noyabr 2023-cü il tarixdə, axşam saatlarında ünvan 4 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 28 noyabr 2023-cü il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 28 noyabr 2023-cü il tarixdən, saat 22:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 28 noyabr 2023-cü il tarixdən, saat 22:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar