Məhkəmə qərarları › İş №3(010)-580/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-580/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-580/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 27 oktyabr 1986-cı ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 24AZK84, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonunun Şərəfə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində nömrəsiz evdə yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 21 fevral 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla V.M.Feyzullayev Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. 13 aprel 2021-ci il tarixdə X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənovanın qəbul etdiyi 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 3(010)-580/2021 nömrəli qərarı ilə X1 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənovanın qəbul etdiyi 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar isə dəyişdirilmədən saxlanılmışdır. X1 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 3(103)-1257/2021 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 3(010)-580/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatının məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya Epidemiologiya Xidmətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin mütəxəssisləri tərəfindən aparılmış monitorinq zamanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində fəaliyyət göstərən “Abi dönər manqal” kafesinin qida qəbulu zalında eyni bir masanın arxasında 04 stulun (oturacağın) olduğu, oturacaqlar arasındakı məsafənin 01 metrdən az olduğu müəyyən edilmiş, buna görə də müvafiq fotoşəkillər çəkilərək 21 fevral 2021-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş, həmin tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin nə 21 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, nə də ki həmin protokol əsasında qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktının hansı sübutlarla təsdiq edildiyi öz əksini tapmamış, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya Epidemiologiya Xidmətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin mütəxəssislərinin, kafedə müştərilərə xidmət göstərilmədiyi ərəfədə monitorinq apardıqları nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2020-ci il tarixli 323 nömrəli qərarına əsasən ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilməsi qərara alınmışdır. Sözügedən 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərara “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Məhkəmə hesab edir ki, 21 fevral 2021-ci il tarixdə X1 icarəyə götürüb işlətdiyi “Abi dönər manqal” kafesində müştərilərə xidmət göstərilmədiyi təqdirdə, həmin kafenin qida qəbulu zalında eyni bir masanın arxasında 04 stulun (oturacağın) olması və oturacaqlar arasındakı məsafənin 01 metrdən az olması inzibati məsuliyyətə səbəb olan əməl hesab edilə bilməz. Halbuki, iş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş fotoşəkillərdən, həmçinin, iş üzrə tərəflərin və şahidin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya Epidemiologiya Xidmətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin mütəxəssisləri tərəfindən aparılmış monitorinq zamanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində fəaliyyət göstərən “Abi dönər manqal” kafesinin qida qəbulu zalında eyni bir masanın arxasında 04 stul (oturacaq) olmuş, lakin 21 fevral 2021-ci il tarixdə həmin obyektdə müştəri olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova inzibati xətalar haqqında işlər üzrə sübutlara düzgün qiymət vermədən, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmədən, iş üzrə səthi araşdırma apararaq X1 21 fevral 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğu qənaətinə gələrək, V.M.Feyzullayevi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova, “Abi dönər manqal” kafesini icarə müqaviləsi əsasında işlədən X2 vəzifəli şəxs hesab etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Lakin iş materiallarına isə X1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi orqanında vergi ödəyicisi kimi uçota alınmasına, bununla da V.M.Feyzullayevin sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs dair hər hansı bir sübut əlavə edilməmişdir. Göründüyü kimi X1 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Buna görə də məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 4.000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru Sara Həsənova un 10 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar