Məhkəmə qərarları › İş №3(010)-5836/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5836/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5836/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində saat 01:30-radələrində Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin polis sahə rəisi X3 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində saat 01:30-radələrində Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, usta işlədiyini, digər usta yoldaşları ilə spirtli içki qəbul etdiyini, içkili olduğundan bu əməli törətdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 3 qız övladı olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə 1-ci sektor Hövsan qəsəbəsi, Bağlar Massivində xidmətdə olan zaman saat 01:30 radələrində kənd Hövsanda 1 nəfər şəxsin uca səslə qışqıraraq nalayiq ifadələr işlədərək ictimai asayişi kobudcasına pozması tərəflərindən aşkarlandı və həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib, onu tutduğu əməli təkrar etməməsini bildirdikdə o, polisin qanuni tələbinə əməl qoymayaraq öz bildiyini etmiş, həmin vətəndaşı xidməti avtopatrula mindirmək istəyəndə vətəndaş onlara güc tətbiq edərək xidməti avtopatrulun arxa alın şüşəsini və əməkdaşın telefonunu sındırdı. Onlar fiziki gücdən istifadə edib, həmin vətəndaşı şübhəli şəxs qismində avtopatrula mindirib 30-cu PŞ-nə gətirib, növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Zakir Qurban oğlunun ifadəsini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində saat 01:30-radələrində Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. X9 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar