Məhkəmə qərarları › İş №3(010)-5862/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5862/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5862/2022 30.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə 1 nömrəli tədbir zamanı təhlükəsizliyi təmin etmək məqsədilə X3 xidmət aparan Yol Patrul Xidməti əməkdaşları yolun tamamilə digər nəqliyyat vasitəsiləri üçün bağlandığını görüb hərəkətdə olan **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə işarə verərkən yoldan çıxmasını bildirilmiş, polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, uzun müddətdir "xxxx" MMC şirkətində işləyir, 2-3 ay müddətdir ki, yaddaş pozuntusundan əziyyət çəkir. Eyni zamanda görmə və eşitmə problemləri də vardır. Ailəsi ona avtomobil idarə etməyə icazə vermir. Buna baxmayaraq özündən asılı olmayaraq arvadına məxsus **-CK-*** nömrəli avtomobili idarə edir. Hadisə olan gün iş yerinə gedərkən polis əməkdaşlarının “saxla” əmrindən xəbəri olmamış, yalnız onun qabağını kəsdikdən sonra bu barədə bilmiş, törətmiş olduğu pozuntunu bilməyərəkdən, yəni eşitmə və görmə problemləri olduğuna görə törətmiş olduğunu bildirərək, əməlindən peşman olduğunu, qızının əlil olduğunu, özünün əlil olmasının nəzərə alınmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin polis sahə inspektoru X6 izahat verərək göstərdi ki, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə 1 nömrəli tədbir zamanı təhlükəsizliyi təmin etmək məqsədilə X3 xidmət aparan Yol Patrul Xidməti əməkdaşları yolun tamamilə digər nəqliyyat vasitəsiləri üçün bağlandığını görüb hərəkətdə olan **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə işarə verərkən yoldan çıxmasını bildirilmiş, polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar olaraq o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, yol bağlandıqda müəyyən qədər avtomobillərin dayanmasına baxmayaraq, “Nissan Tida” minik markalı avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmamış, həmçinin polis əməkdaşlarının üstünə sürmüş, buna görə də onun qabağı kəsilərək saxlanılmış və polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, yol bağlandıqda müəyyən qədər avtomobillərin dayanmasına baxmayaraq, “Nissan Tida” minik markalı avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmamış, məhz ilk olaraq onlar tərəfindən saxla əmri verilmiş, lakin sürücü polislərin saxla əmrinə tabe omamış buna görə də, onun qabağı kəsilərək saxlanılmış və polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, yol bağlandıqdan sonra avtomobillərin dayanmasına baxmayaraq, “Nissan Tida” minik markalı avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmamış, onu saxladıqdan sonra içkili olduğu barədə şübhələri olsa da, onu yoxlamağa icazə verməmiş, avtomobildən düşməmiş, hətta polis əməkdaşlarının üzərinə avtomobilini sürmüş, buna görə də saxlanılaraq polis bolməsinə aidiyyati üzrə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirŞəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 1 nömrəli tədbir zamanı təhlükəsizliyi təmin etmək məqsədilə X3 polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar