Məhkəmə qərarları › İş №3(010)-5904/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5904/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5904/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikahda olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-918/2020 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, belə ki, onun bugünə olan aliment borcu 5828 manat təşkil edir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadə tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 918/2020 saylı icra sənədi icraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. Tərəflər öz aralarında şifahi olaraq ayda 200 manat ödənilməsi barədə razılaşmışlar. Qalan 120 manat isə borc kimi yığılmışdır. Borclunun izahatı alınmış, o, izahatında borcu tam ödəməyə imkanı olmadığını bildirmişdir. Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il taridə İcra şöbəsinə gətirilmiş, şöbədə izahat verərək borcu hissə-hissə olmaqla ayda 100 manat ödəməyə imkanı olduğunu bildirmişdir. Beləliklə, borclu şəxs Nəsibov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 3 aydır ki, işləmir, son 10-15 gündür ki işləyir və maaş alan kimi dekabrın 10-u 200 manat aliment ödəmişdir. Zərərçəkmiş şəxs əvvəl ayda 200 manat ödənilməsinə razı olmuş, sonradan 120 manat ödənişi də tələb etmişdir. Hər ay 100 manat ödəməyə imkanı vardır, belə ki, kirayədə yaşayır, faktiki nikahdadır, ayda 500 manat maaş alır. Göstərilənlərə əsasən barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-918/2020 saylı icra sənədinin surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-2032/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla cəmi, 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 ödənilməlidir; icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-918/2020 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-425/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-918/2020 saylı icra sənədi üzrə tələb icra olunanadək Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; X3 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Suraxanı rayon İcra şöbəsinə verilən xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, ərizədə aşağıdakılar qeyd olunmuşdur: iki uşağa görə hər ay ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq maraqlarını təmsil etdiyi X1 verilməsinə dair icra işi Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin icraatındadır. Məhkəmənin qətnaməsi xx.xx.2020-ci il tarixindən qüvvəyə mindiyindən alimentin tutulması da həmin tarixdən hesablanır. Alimentin tam həcmdə tutulması uşaqların yetkinlik yaşına çatdıqları xx.xx.2023-cü ilə qədər olmalı idi. Lakin, icra məmuru Nicat Vəlizadənin səhlənkarlığı ucbatından məhkəmə qətnaməsinin icrası bir ay belə tam həcmdə icra olunmamışdır. Belə ki, uşaqlarm yetkinlik yaşına çatmalarına qədər ödənilməli olan 13.120 (on üç min yüz iyirmi) manat puldan, icra işinə görə cəmi 6572 (altı min beş yüz yetmiş iki) manat pul ödənilibdir. Bu zaman qətnamənin icrası üçün icra məmuru tərəfindən hər hansı məcburiyyət tədbiri görülməmişdir. Bundan əlavə, eyni şəxslər arasında alimentin ödənilməsinə dair Suraxanı rayon İcra Şöbəsində 2(008)-2032/2012 saylı icra işi olmuşdur ki, həmin iş üzrə də ödəmələrdə ciddi problemlər olmuşdur. Odur ki, həmin borcun qısa zaman kəsiyində tam məbləğdə borcludan alınaraq X7 ödənilməsinin təmin edilməsini xahiş etmişdir; borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində açılmış axtarış işinin icraatına xitam verilməsi Suraxanı RPİ-dən xahiş olunmuşdur; borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə Şəxs barəsində açılmış axtarış işinin icraatına xitam verilməsi Suraxanı RPİ-dən xahiş olunmuşdur; X3 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, ərizədə aşağıdakılar qeyd olunmuşdur: iki uşağa görə hər ay ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq maraqlarını təmsil etdiyi X1 verilməsinə dair icra işi Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin icraatındadır. Məhkəmənin qətnaməsi xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyindən alimentin tutulması da həmin tarixdən hesablanır. Alimentin tam həcmdə tutulması uşaqların yetkinlik yaşına çatdıqları xx.xx.2023-cü ilə qədər olmalı idi. Lakin icra məmuru Nicat Vəlizadənin səhlənkarlığı ucbatından məhkəmə qətnaməsinin icrası bir ay belə tam həcmdə icra olunmamış, o, tələbkarın hüquqlarının qorunmasına qoşulana qədər isə təqribən 1 il müddətində ümüuiyyətlə ödəniş olmamışdır. O, icra işinə qoşulduqdan sonra icra məmurunun çağırışlarına gəlməyən (guya) borclunun axtarışa verilməsinə nail olmuş və o, polis tərəfindən Suraxanı rayon İcra şöbəsinə gətirilsə də, heç bir qanuni tədbir görülmədən sərbəst şəkildə buraxılmışdır. Odur ki, dövlətin adından çıxarılan qətnamənin icra olunmasının təmin edilməsini xahiş etmişdir; xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, N***** S***** Q***** qızının 416973******9204 nömrəli kart hesabına 200 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 918/2020 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs aliment borcunu məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Nəsibov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Nəsibov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar