Məhkəmə qərarları › İş №3(010)-5908/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5908/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5908/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Oğuz, Xalxal kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakıxanov çörək zavodunda ekspeditor işləyən, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Əmirov X2 Elxan Samir oğlunu işə düzəldəcəyi vədi ilə ondan hissə-hissə olmaqla, ümumilikdə 690 manat pulunu almış və vədinə əməl etməyərək onu aldatmışdır. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, ona dəyən zərər ödənilməyib, daha doğrusu, Şəxs ona cəmi 350 manat pul verəcəyini demişdir. O, Şəxs şikayətçidir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs X6 dəymiş zərəri hissə-hissə qaytarmağı təklif etsə də, Elxan Orucov razılaşmamışdır. Hazırda ödəniş edə bilmir. Yanvar ayının 8-i əməkhaqqı alır və Elxana 350 manat pul ödəyə bilər, qalan məbləği isə ayın axırına kimi ödəyə bilər. Himayəsində iki azyaşlı uşağı vardır, arvadı hamilədir. Göstərilənlərə əsasən barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X3 Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində Galatasaray adlı klubda işləyir. Təxminən bir ay bundan əvvəl oraya müştəri qismində gələn Tamerlan adlı şəxslə tanış olmuşdur. Tamerlanla söhbət edən zaman Tamerlan onu guya Neft şirkətində işə düzəldəcəyini vəd edib ondan əvvəlcə 200 manat, daha sonra isə 150 manat, 120 manat, 20 manat, 200 manat olmaqla ümumilikdə 690 manat məbləğində pul almışdır. Lakin bugünə qədər Tamerlan nə onun pulunu qaytarıb, nə də ki onu işə düzəldib. O, Tamerlanın yaşadığı ünvanı, atasının adını bilmir. Sadəcə olaraq soyadının Əmirov olduğunu bilir. Həmin pulları Tamerlana online şəklində bank kartına köçürmüş, 200 manat pulu isə özü şəxsən vermişdir. Həmin 200 manat pulu verən zaman yanında heç kəs olmamış və bununla bağlı hər hansı bir rəsmi sənədi yoxdur. Tamerlan onu işə düzəltmək üçün özünə konkret olaraq nə qədər pul verəcəyini bildirməmiş, sadəcə olaraq 300 manat sənədləşməyə xərci çıxacağını bildirmişdir. Daha sonra ona göndərdiyi pulları müəyyən sənədlərin hazırlanması üçün istəmişdir. Bundan başqa, o bildirmişdir ki, ki, neft buruqlarında işə düzəltdikdən sonra ilkin maaşından 3 xanımın hərəsinə 100 manat, ona isə qonaqlığ verəcəkdir; Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsində əsasən rədd edilmiş və X3 etdiyi müraciət əsasında toplanmış material üzrə naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddsəsinin tərkib əlamətləri olduğundan qeyd edilən edilən əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün 32-ci PB-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əmirov X2 Elxan Samir oğlunun 690 manat pulunu alaraq mənimsədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir; 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 33.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 ( iki yüz qırx) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar