Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5909/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 398, 402, 406-409, 411, 411-1, 412, 413, 415,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 398-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarından görünür ki, 26 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarda Şəxs 2024-cü ilin yay aylarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Notariat kontorunun yerləşdiyi binanın üst mərtəbəsində olan kafeni işlədərkən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticəsində əldə etdiyi gəlirin məbləği göstərilməmiş və bu barədə hər hansı sənəd qərara əlavə olunmamışdır. Hazırki inzibati xəta haqqında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində əldə edilmiş gəlirin məbləği inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarda dəqiq göstərilməsi və bununla bağlı müvafiq sənədin qərara əlavə olunması inzibati xəta haqqında işə düzgün baxılması və qanuni və ədalətli qərarın verilməsi üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə tənbehi nəzərdə tutulmuşdur. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləği müəyyən edilmədən İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsiri müəyyən edildiyi halında şəxs haqqında hansı məbləğdə ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək məbləğdə cərimə tənbehinin tətbiq edilməsi və ya şəxsin hansı vurulmuş ziyanı tamamilə ödəməsi və ya inzibati xəta nəticəsində əldə edilmiş hansı məbləğdə gəliri tamamilə dövlət büdcəsinə köçürməsi halında inzibati məsuliytədən azad edilməsi barədə qərarın qəbul edilməsi mümkün olmayacaqdır. Göründüyü kimi, Şəxs barəsində Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəmə iclasında tamamlana bilməyəcək dərəcədə natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir; inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunmuş 26 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(010)-5909/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5909/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver