Məhkəmə qərarları › İş №3(010)-592/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-592/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-592/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Gədəbəy rayonunun Göyəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, Düz Rəsullu ərazi dairəsi, Düz Rəsullu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşadıqları evdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək qeyd etmişdir ki, 09 yanvar 2025-ci il tarixdə saat 00:10-da Samir Əliyev küçəsində Zərərçəkmiş şəxs və Şəxs arasında münaqişə baş vermişdir. Nəticədə hər iki tərəf polisə müaricət etmiş və hər iki tərəfin ərizəsi polis bölməsində araşdırılaraq protkol tərtib olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəxs onun gəlinidir. Səbinə onun arvadına mətbəxə girməyə icazə verməyərək həyətdə olan mətbəxdə işini görməsini demiş, arvadını dörd dəfə döymüş, evin onun olduğunu bildirmiş, onları daima təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. Sözügedən hadisə baş verən vaxt o, Səbinəni vurmamış, əksinə axırıncı dəfə Səbinə qapını çırparaq şüşəni sındırmışdır. Sonda Şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qayınanası və qayınatası ərini qızışdırır deyə əri onu döyür ki, o, evdən çıxsın. Axırıncı dəfə belə bir hal baş verəndə o etiraz etmişdir ki, iki körpə uşaqla hara gedəcəkdir. Həmin gün saat 23:30-da qayınatası Zərərçəkmiş şəxs ona şillə vurmuş, 15 saniyə ərzində boğazından tutaraq boğmuş, yumruqla başına vurmuşdur. O, bu hadisənin video görüntülərini çəkmişdir. Sonda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs və gəlini Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin aidiyyati üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi, Zərərçəkmiş şəxs və gəlini Şəxs arasında yaranmış mübahisəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərinin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınması və qovluq açılaraq tədbirlərin görülməsi üçün qərarın surətinin aidiyyati üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 22 nömrəli rəyində göstərilmişdir ki, 1959-cü il təvəllüdlü vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin arxa səthinin səthi kəsilmiş yaraları. Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi) təsirindən törənmişlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunmur; Şəxs Suraxanı RPİ-nin 31-ci PB-nə vermiş olduğu ərizə və izahatda bildirmişdir ki, barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs onun qayınatasıdır. O, Zərərçəkmiş şəxs oğlu Zaur ilə 9 ildir ailəlidir və birgə nikahdan 2 azyaşlı övladları var. Onlar ailəli olduqları gündən ancaq münaqişəli ailə kimi yola gediblər. Ona həmişə təyziq göstərib evdən zorla çıxarmağa çalışmışlar. Hal-hazırda onların işi Gədəbəy Məhkəməsindədir. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:10 radələrində Zakir heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, nə baş verdiyini və onun xəsiyyətinə bələd olduğu üçün ona fikir verməmişdir. Sonradan qayınanası Teyibbə qonaq otağının qapısını möhkəm vuraraq qapının şüşəsini sındırmışdır. O isə qayınanasını sakitləşdirməyə çalışdıqda qayınanası onu itələmiş, bu zaman Zakir üzərinə gələrək onun boğazından tutaraq boğmağa başlamış, başına bir neçə dəfə yumruq vurmuşdur. Zakirin əlinin kəsilməyi ilə bağlı isə heç bir məlumatı yoxdur. O, Zakirə heç bir xəsarət yetirməmişdir. Onların ona etdiyi haqsızlığa görə isə atası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Onların mübahisəsi təxminən 15 dəqiqə davam etmişdir; Zərərçəkmiş şəxs Suraxanı RPİ-nin 31-ci PB-nə vermiş olduğu izahatda bildirmişdir ki, barəsində şikayət etdiyi Şəxs onun gəlinidir. Səbinə onun oğlu Zaur ilə 9 ildir ailəlidir və birgə nikahdan 2 az yaşlı övladları var. Onlar ailəli olduqları gündən ancaq münaqişəli ailə kimi yola gediblər. Səbinə ona və ailə üzvlərinə hörmətsizlik edərək onu təhqir edirdi. Halhazırda onların işi Gədəbəy Məhkəməsindədir. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:10 radələrində Səbinə heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, nə baş verdiyini və onun xəsiyyətinə bələd olduğu üçün ona fikir verməmişdir. Sonradan Səbinə qonaq otağının qapısını möhkəm vuraraq qapının şüşəsini sındırmışdır. Şüşənin sınması nəticəsində ona 50 manat maddi ziyan dəymişdir. O Səbinəni sakitləşdirməyə çalışdıqda Səbinə onu itələmiş və bu zaman qırılan şüşə parçası onun sol əlini kəsmişdir. Mübahisə zamanı isə o, Səbinəyə heç bir xəsarət yetirməmişdir. Onların mübahisəsi təxminən 15 dəqiqə davam etmişdir; xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:10-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşadıqları evdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir; barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar