Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-595/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1, 07 may 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 15580PB, evli, Göyçay şəhəri, Ə.Kərim küçəsi, 35 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 11 fevral 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 11 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşı tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin sahə rəisi X4 qəbul etdiyi eyni tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla V.K.Bağırov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxs qismində 4.000 manat məbləğində inzibati cərimə olunmuşdur. 23 fevral 2021-ci il tarixdə X5, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətini Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim etmişdir. X5 şikayətinə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etmədiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsi geri qaytarılmış, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə və yaxud yaşadığı yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilmişdir. 15 aprel 2021-ci il tarixdə X5, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətini təkrarən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 məhkəmədə bildirdi ki, 20 iyun 2020-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çayka Pub” restoranında kuryer vəzifəsində çalışır. Yəni onlayn olan sifarişləri mənzillərə çatdırır. 11 fevral 2021-ci il tarixdə sonuncu sifarişi çatdırdıqdan sonra, təxminən saat 23:30 radələrində olan pulları təhvil vermək üçün restorana qayıtmışdır. Təxminən 23:40 radələrində, müdiriyyətlə birlikdə, restoranın qapısını bağlayıb evə gedərkən, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşaraq, rertoranın qapısını açmağı və onlara protokol tərtib ediləcəyini bildirmişlər. Polis əməkdaşlarından hansı əsasla və səbəbə görə barələrində inzibati protokolun tərtib ediləcəyini soruşduqda, sonuncular “belə olmalıdır” deyə cavab vermişlər. Şəxsiyyətlərini müəyyən etdikdən sonra, ona məlum olmayan səbəblərdən saat təxminən 23:50 radələrində polis əməkdaşı barəsində tərtib etdiyi protokolda, iki yerə imza etdirdikdən sonra, 4.000 manat cərimə edildiyini bildirmişdir. Polis əməkdaşına kuryer vəzifəsində çalışdığını hansı səbəbdən cərimə olunduğunu soruşmuş, polis əməkdaşı ona karantin qaydalarını pozduğunu demişdir. Həmin gün ona yalnız inzibati protokolun surəti təqdim edilmişdir. Sonradan protokola baxdıqda məlum olmuşdur ki, guya restoran saat 00:00dan sonra fəaliyyət göstərdiyindən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Maraqlısı odur ki, restoranın saat 00:00-dan sonra fəaliyyət göstərdiyi fərz edilsə belə, kurey vəzifəsində çalışdığı halda vəzifəli şəxs qismində cərimə olunmuşdur. Bundan başqa, restoran saat 00:00-dan sonra ümumiyyətlə fəaliyyət göstərməmişdir. Sonda V.K.Bağırov Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.2 və 2.2.1-ci bəndlərinə əsasən bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Həmin Qərarın 1 nömrəli əlavəsindən - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5 və 5.5-ci bəndlərinə əsasən pərakəndə və topdansatış üzrə Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsinə icazə verildiyi müəyyən edilmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 saylı qərarının 1-ci bəndinə əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının tələblərindən də göründüyü kimi xidmət sahələrinin fəaliyyətinə 00:00-dək icazə verildiyindən, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi də məhz qeyd edilən vaxtdan sonra törədildikdə yaranır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X4 qəbul etdiyi 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarda isə X1 11 fevral 2021-ci ildə karantin qaydalarını pozduğu qeyd edilsə də, qeyd edilən qaydanın konkret olaraq saat neçədə törədildiyi və törədilmiş inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1 və 115.1.4-cü maddələrinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 şikayətindən və məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olunur ki, X5 “Çayka Pub” restoranında kuryer vəzifəsində çalışır və müştərilərə yalnız çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsini həyata keçirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs tərəfindən isə məhkəməyə, ümumiyyətlə “Çayka Pub” restoranın 11 fevral 2021-ci il tarixdə, saat 00:00-dan sonra fəaliyyət göstərdiyinə, o cümlədən X1 vəzifəli şəxs olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarına əsasən iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsinə icazə verildiyi halda, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6, “Çayka Pub” restoranında kuryer vəzifəsində çalışmaqla müştərilərə yalnız çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsini həyata keçirən X3 vəzifəli şəxs hesab etməklə yanlış nəticəyə gəlmiş və bununla da hər hansı bir əsas olmadan V.K.Bağırov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxs qismində 4.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması barədə şübhələr X1 xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib vəzifəli şəxs qismində 4.000 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-595/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-595/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver