Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5958/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Soltan Nuxa kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(010)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Məmmədov X5 Rayon Məhkəməsinin 2(010)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2729/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs, X7, X3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan ünvan 2 ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi qərara alınmışdır. Müvafiq icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilərək borcluya xəbərdarlıq edilmiş, lakin onun həmin vaxt xəstəsi olduğu nəzərə alınaraq xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə də borclu ünvanı boşaltmaqdan imtina etmiş, bu barədə protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, o, Suraxanı Rayon Məhkəməsinin sözügedən qətnaməsinə etiraz edir. Belə ki, FHN-in qaldırdığı iddia əsasında qəbul edilmiş qətnaməyə etiraz olaraq bildirmişdir ki, bir neçə nəfər sakin də bununla bağlı eyni məzmunlu qətnamələrə etiraz etmişdir. Qeyd edir ki, o, 2013-cü ildən etibarən 17 il FHNdə xidmət etmiş və öz ərizəsi ilə xidmətdən azad edilmişdir. Heç bir rəsmi bildiriş olmadan ona bildirilib ki, artıq FHN-də xidmət etmədiyinə görə və mənzilin xidməti mənzil olması əsas gətirilərək mənzili boşaltmalıdır. Qanunun tələbləri pozulmuş, ona rəsmi bildiriş göndərilməmişdir. Qarşı tərəf dəfələrlə bildiriş verildiyini iddia etsə də, bu proseslərin həyata keçirilmədiyi barədə qonşular da şahidlik etmişlər. İddia olunur ki, guya mənzil ona 2017-ci ildə verilmişdir, lakin mənzil əslində 2013-cü ildə açılış zamanı ona cənab nazir tərəfindən təqdim edilmişdir. Mənzillər püşkatma mərasimi keçirilərək təqdim edilmişdir. Bütün faktlara baxmayaraq, FHN-in iddiası təmin edilmişdir. Borclu və digər sakinlər qətnamələrə etiraz etmiş, borclu isə mənzilin ona məxsus olmasını təsdiq edən arayışlar və kommunal ödənişlərlə bağlı sübutlar təqdim etmişdir. Onun fikrincə, idarə məqsədyönlü şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Mənzil verildiyi zaman onlara vəzifədən ayrılacağı təqdirdə mənzilin geri alınacağı barədə hər hansı bildiriş verilməmişdir. Apellyasiya məhkəməsinə müraciət edilmiş, lakin heç bir fakt göstərilmədən qətnamə qüvvədə saxlanılmışdır. Borclu hesab edir ki, iddia heç bir əsas olmadan irəli sürülmüşdür. Mənzilin xidməti mənzil kimi verilməsi barədə hər hansı sənəd və ya təhvil-təslim aktı təqdim edilməmişdir. Bu yalnız qarşı tərəfin iddiasıdır və sübutla təsdiqlənməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Suraxanı Rayon Məhkəməsinin 2(010)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs, X7, X3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan ünvan 2 ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5958/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5958/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver