Məhkəmə qərarları › İş №3(010)-6043/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6043/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6043/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru polis mayoru X2, Zərərçəkmiş şəxs Covdar qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə, Şəxs xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 52 ünvanında qeydiyyatda olan və Binə, Sovxoz ünvanında qeydiyyatsız yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə keçmiş qayınanası Zərərçəkmiş şəxs Covdar qızını münaqişə zəmnində döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru polis mayoru X4 tərəfindən 04 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 04 dekabr 2025-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru polis mayoru X4 protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında ailə münaqişəsi zəmnində mübahisə baş verir və dava-dalaş yaranır. Bununla bağlı polisə məlumat verilir, təhqiqat bölməsində araşdırma aparılır və hər iki tərəfdə xəsarətlər olduğu üçün ekspertizadan keçirildikdən sonra inzibati xəta barədə icraatına iş daxil olmuşdur. Hər iki tərəfə barışıq təklif edilmiş və vaxt verilmişdir, barışıq olmadığı üçün hər iki tərəf barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, sentyabr ayında hadisə olan vaxt ekspertizadan keçmişdir. Lakin qarşı tərəfin ekspertizadan keçməsi və rəy əldə etməsi sentyabr ayına aid deyil. Qarşı tərəfin tək dərdi onun evdən çıxmasıdır. Polislər evə gələn vaxt qarşı tərəf evdə kamera çəkilişinin olmadığını bildirdi, ancaq onun çəkilişləri var. Onun getməyə, yaşamağa başqa yeri yoxdur. 17 sentyabr tarixində xəkandaz ilə onun üstünə gəlmiş və onu vurmuş, o da qapıdan qonaq otağına yıxılmış, onu söymüşdür. Zərərçəkmiş şəxs onun üstünə gəlmiş, elə şərait yaratmışdır ki, o məcbur qalıb zərərçəkmiş şəxsi vursun. Zərərçəkmiş şəxs onu vurmuş, o da huşunu itirmişdir. Özünə gəldikdən sonra təcili yardım çağırıb. Zərərçəkmiş şəxsin ortancıl oğlunun nişanı geri qaytarılıb, bundan günahkar da onu tutublar. Ortancıl oğlu psixiatrik dərmanlar içir. Həmin gün zərərçəkmiş şəxs onu vurmuş, yıxılmış, başı dəymişdir. Dəfələrlə onların arasında mübahisə olmuş, polis mayoru Vüqar müəllim gəlmişdir. Hətta 1 dəfəsində zərərçəkmiş Vüqar müəllimə “sənə kabab çəkəcəm” demiş, Vüqar müəllim də “kababı çək nəvən yesin” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs 17 sentyabr tarixində xəsarət almayıb, ekspertizaya getməyib. Onu dəymiş xəsarət həmin gün ilə əlaqəli deyil, ilk əvvəl həmin xəsarətin hansı tarixə aid olması aydınlaşdırılmalı, ekspert rəyi yoxlanılmalıdır. Onu zərərçəkmiş vurmuş, yıxılıb başını vurmuşdur, ancaq heç bir qarşılıq verməmişdir. Ekspert rəyinə etiraz edir, yenidən araşdırılmasını tələb edir. O, Kəmalə xanıma xəsarət yetirməyib, heç barmağının ucu ilə toxunmayıb, ona şər-böhtan atırlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X3 bildirdi ki, iş materiallarında heç bir tərəfin izahatı alınmamış, yalnız protokol, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və ekspert rəyi əlavə edilmişdir. Zərərçəkmiş şəxsin ərizəsi protokol tərtib edilmiş şəxsə təqdim edilməlidir, hər iki tərəfə imza etdirilməlidir. Qeyd etdiklərinə əsasən İXM-nin tələblərinə əsasən protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Covdar qızı izahat verərək bildirdi ki, 17 sentyabr tarixində axşam saat 8 radələrində oğlu işdən gəlmiş, o da oğluna yemək verərək çölə çıxmışdır. Sonra evdən oğlunun qışqır-bağır səslərinin gəldiyini eşitmişdir. Evə girəndə görmüşdür ki, evdə divan, yer, hər yer yeməkdir, oğlunun üstünə də yemək töküb. Artıq 9 ildir ki, bu qadın onlara əzab verir. Onlar Yeganəni öz otağına göndərmişlər, ancaq onu vurmamışlar, onların evində heç xəkandaz da yoxdur. Şəxs otağında qışqır-bağır saldığı üçün nəvəsi qorxmuş və paltarını batırmışdır. Oğlu da bunu gördükdən sonra Yeganənin anasına zəng edərək qızını gəlib aparmasını bildirmişdir. Bu vaxtadək heç vaxt şikayət etməyib, Yeganə onun üstünə qaynar su tökərək yandırmış, həmin vaxt belə şikayət etməmişdir. 17 sentyabr tarixində ona xəsarət yetirmişdir, həmin tarixə aid çəkilişləri yoxdur, ancaq sonrakı gün xəsarətlə bağlı çəkilişlər etmişdir. O, bugünədək çox əziyyət görüb, ancaq heç birində şikayət etməyib. Hər birinin nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 oktyabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs və Zərərçəkmiş şəxs Çovdar qızının qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, müraciəti əsasında hadisəni törətmiş Şəxs və Zərərçəkmiş şəxs Çovdar qızı barəsində AR.İXM-nin 157-ci maddəsi ilə inzibatı məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması, qərarın surəti maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 718 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Covdar qızının bədənində aşkar edilmiş xəsarətlər- sağ said nahiyəsində qançır və sağ said nahiyəsində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsvir hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs Covdar qızının bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz-özünə yetirməsi inandırıcı deyil. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 adında övladının olması məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar