Məhkəmə qərarları › İş №3(010)-607/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-607/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-607/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, H.Əliyev prospektində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli 2(010)-10805/2015 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 108 manat aliment tutulmalıdır. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2(010)-3530/2019 nömrəli icra vərəqəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(010)-10805/2015 saylı qətnaməsi ilə borclu Şəxs xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində tələbkar X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq borclu Şəxs xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X1 xeyrinə hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Borclunun qeydiyyatda olduğu ünvana qərar və bildiriş göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə icra sənədləri ümumi icraata birləşdirilmişdir. Borclu Şəxs bu günə 4.202 manat borcu var. Bununla da, borclu Şəxs borcunu ödəməməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəmədiyini işin məhkəmə baxışı zamanı maddi imkansızlığı ilə izah etmişdir. Qeyd edir ki, vaxtilə X5 ilə nikah bağlamış, həmin nikahdan xx xxxxxx 2009-cu ildə Fatimə adlı uşağı doğulmuşdur. Keçmiş arvadı Nuranə Novruzova 2010-cu ildə vəfat edib. Bundan sonra icra sənədi üzrə tələbkar X4 ilə ailə qurmuş, həmin ailə münasibətlərindən xx xxxx 2014cü ildə Nərmin adlı uşağı doğulmuşdur. X10 ilə ailə münasibətləri alınmadığına görə nikahları pozulmuş, daha sonra Məmmədova (Novruzova) Aynurə Tofiq qızı ilə ailə qurmuşdur. Bu nikahından 2020-ci ildə Nuray adlı uşağı doğulub. Hazırda arvadı Aynurə, habelə uşaqları Fatimə və Nurayla birlikdə yaşayır. Aynurə bütün gününü azyaşlı uşağı Nuraya qulluq etməklə məşğul olduğuna görə Fatimənin bütün qayğılarının faktik olaraq o (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs), təkbaşına çəkir. Ailəsinin maddi vəziyyəti çox acınacaqlıdır. Özü fəhləlik etməklə ailəsinin maddi ehtiyaclarını ödəyir. Yenicə iş tapıb. Məhkəmə qətnamələrinin icrasından yayınmır və çalışacaq ki, artıq ödənişlər etməklə borcunu tam ödəsin. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə qənaətə gələrkən həmçinin aylıq alimentin miqdarını və toplanmış borc məbləğini nəzərə alır. Müvafiq rəqəmləri nəzərdən keçirdikdə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs alimenti uzun müddət ərzində ödəməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olması, birinci nikahdan olan uşağını təkbaşına saxlaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar