Məhkəmə qərarları › İş №3(010)-607/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-607/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-607/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta törətmiş şəxs X4, Bakı şəhər Probasiya idarəsinin icra məmuru X5, X1, X9 - xx.xx.1973-cü ildə Ağsu rayonunda anadan olmuş, orta təhsilli, məhkumluğu və əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 küçəsi, nömrəsiz evdə yaşayan X4 barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhər Probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokol Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru (probasiya üzrə) X10 bildirdi ki, X2 rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 3(010)-1599/2021 saylı qərarı ilə barəsində təyin edilmiş 160 saat ictimai işlər çəzasını çəkməkdən qərəzli olaraq yayınmışdır. Bununla əlaqədar X6 dəfələrlə xəbərdarlıq edilmiş, cəzasının inzibati həbslə əvəz olunacağı barədə bildiriş verilmiş, lakin o, şöbəyə gəlməmişdir. X9 inzibati tənbehin çəkilməsindən boyun qaçırdığından barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında X9 bildirdi ki, xəstə olduğu üçün Suraxanı rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 3(010)-1599/2021 saylı qərarını icra edə bilməmişdir. Sonda o, onun barəsində tərtib edilmiş protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 onun borcunu ödəmədiyini, bununla yanaşı məhkəmənin digər tənbeh tədbirlərinin icrasını həyata keçirilməsi ilə bağlı olaraq da icradan yayındığını bildirərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə münasibətdə inzibati həbs tənbehin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş 23.11.2021-ci il tarixli qərara əsasən, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraata başlanılmış, X6 bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin 24 fevral 2022-ci il tarixli məktubundan görünür ki, ictimai işlərə cəlb edilmiş X9 işə çıxmamışdır. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan bildiriş və xəbərdarlıqlardan görünür ki, icra məmuru tərəfindən X6 ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduğuna görə məsuliyyət daşıyacağı barədə dəfərlərlə rəsmi xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, vəkili və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 529-cü maddəsinin qeydinə əsasən 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. X4 ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırması, beləliklə də İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -154.9-cu maddəsinə əsasən işəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi yerdə qəbul edilərək ictimai işə təhkim edildikdə, onun tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir. -154.10-cu maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. -154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İşin faktiki hallarından göründüyü kimi X9 ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamış və ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. -31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X4 şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə X4 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X6 inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İXM-nin 529.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 23 gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı 12.04.2022-ci il tarixdən saat 16:45-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar