Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6086/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində 05 dekabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs kürəkənini onun yaşadığı evdə təhqir etmiş və hadisə yerinə gələn polis naryadlarını nalayiq ifadələrlə təhqir edərək, polisin əmrinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X2 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bacısının əri Rəhman adlı şəxs tərəfindən AR DİN-in “102” qaynar xəttinə zəng edilmiş, əldə edilmiş məlumat əsasında əməliyyat qrupu hadisə yerinə getmiş və Şəxs tərəfindən polis əməkdaşlarına müqavimət göstərilmişdir. Nəticədə baş vermiş hadisə ilə bağlı protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh verməni nəzərdə tutan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, protokolda qeyd edilənlərə razılaşır. Törətdiyi əməli səmimi şəkildə etiraf edir. Həmin əməldən peşmandır və bir daha belə halın təkrar olunmayacağına söz verir. xx.xx.2025-ci il tarixli, 895 nömrəli raportdan müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinin məlumatına əsasən, növbədə olan əməliyyat qrupu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində hadisə yerində olmuş, qeyd edilən ünvanda Şəxs polisin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə məhəl qoymamışdır. xx.xx.2025-ci il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:16-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin rəisi, polis polkovniki Ülvi Məmmədova ünvanlanmış izahatın məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Əmircan qəsəbəsində yaşayan və boşanma ərəfəsində olan bacısı Həlilənin evinə gedən zaman yeznəsi Rəhmanla mübahisə etməyə başlamış, həmin vaxt Rəhman “102” xidmətinə yığıb polisləri çağırmışdır. Polisləri çağıran zaman o, polis əməkdaşlarını təhqir edib (onlara itləri çağırırsan demiş), polis əməkdaşlarına tabe olmamış, polisin ünvanına nalayiq sözlər işlətmişdir. Həmin vaxt əsəbi olmuşdur və etdiyi əməldən peşmandır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Həmçinin, məhkəmə Şəxs səmimi etirafını və əməlindən peşman olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 04 dekabr 2025-ci il tarixdən, saat 22:16-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il saat 22:16-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6086/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6086/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver