Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6087/2025 06.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirаkları ilə xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikası, Sokhumi şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş və ərazidə xırda oğurluq hadisəsi törətmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X6 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gecə vaxtı uzunluğu 4 m olan kabel kəsərək xırda talama inzibati xətasını törətmiş, bu inzibati xətanın törədilməsi onun tərəfindən müşahidə kameralarının izlənməsi zamanı aşkar edilmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh verməni nəzərdə tutan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (tərcüməçinin iştirakı ilə) özünü təqsirli bilərək qeyd etdi ki, o, təxminən 4 il müddətində narkotik vasitələrdən istifadə etmiş, lakin 20 gündür ki, həmin vasitələrin istifadəsini məhz qızına görə dayandırmışdır. Oğurluq hadisəsinə gəldikdə isə sadəcə olaraq heç kimə lazım olmadığını düşündüyü üçün kabel kəsmişdir. Hesab etmişdir ki, bu hadisə nəticəsində heç kimə zərər dəyməz. Törətdiyi əməldən peşmandır. xx.xx.2025-ci il tarixli nömrəli raportdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə naməlum şəxs və ya şəxslər Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Mida-1”, 3 saylı binanın qarajından 15 metr uzunluğunda mis kabeli gizli yolla talayaraq, şirkətə ümumilikdə 100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir(lər). Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə, material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsi üçün tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli olan Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1978-ci il təvəllüdlü Şəxs saxlanılmış, izahatı alınan Şəxs törətdiyi əməli etiraf etmişdir. Bundan əlavə, Şəxs narkotik maddənin təsirində olması şübhəsi yarandığından, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə narkoloji test yoxlanışına göndərilmişdir. Şəxs narkoloji test yoxlanışı zamanı sidiyindən Metadon MTD+, Metamfetamin MET+ və Heroin OPİ+ aşkar edilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, cinayət işi başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddəsinin tərkibi yaranmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin tərkib əlamətləri olduğundan rədd edilmiş və həmin şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 7610 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən müəyyən olunur ki, Şəxs sidiyində MTD (+), MET (+), OPİ (+) aşkar edilmişdir. Şəxs narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşmış, narkotik vasitələrin, psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Sənan Süleymanlıya ünvanlanmış izahatın məzmunundan müəyyən olunur ki, həm maddi çətinlikləri olduğu, həm narkotik vasitə istifadə etmək, həm də evə ərzaq almaq üçün pul tapa bilməmiş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, təxminən 5- 6 gün bundan öncə yaşadığı evin yaxnılığında yerləşən “Mida-1” yaşayış kompleksinə getmiş, orada 3 saylı binanın avtomobillər üçün olan qarajının açıq olduğunu görərək oraya düşmüş və qarajda oğurluq üçün gəzərkən qarajın yuxarı hissəsində kabellərin olduğunu görmüşdür. Həmin kabeli kəsərək oğurluq etmək niyyəti yaranmış, cibində olan kəsici alətlə təxminən 15 metr uzunluğunda olan mis kabeli kəsərək oğurlamış, həmin kabeli əridərək içində olan misi 20 manata satmışdır. Təxminən 2 ildir ki, narkotik vasitələrdən çəkmə yolu ilə istifadə edir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1978-ci il təvəllüdlü Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx.xx.2025-ci il tarixli, AZA 024225 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxsnun əməlində İXM-nin 206, 227-ci maddələrinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsi üçün qərarın surətinin Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3cü maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Həmçinin, məhkəmə Şəxs səmimi etirafını və əməlindən peşman olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulması və inzibati xəta haqqında materialların məhkəməyə təqdim edilməsi aralığında olan müddət (məhkəmə iclasının növbəti tarixə təxirə salınması nəzərə alınmaqla), yəni xx.xx.2025 – xx.xx.2025-ci il tarixini əhatə edən dövr, həmin şəxsin inzibati həbsdə saxlama müddətinə daxil edilməli və nəzərə alınmalıdır. Odur ki, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və inzibati həbsdə saxlama müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 7610 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulma müddəti nəzərə alınmaqla, qəti olaraq inzibati həbsdə saxlama müddəti 23 (iyirmi üç) gün müəyyən edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6087/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6087/2025
06.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver