Məhkəmə qərarları › İş №3(010)-615/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-615/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-615/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından həmin iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Şəxs İİ qrup əlildir. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinin V bəndinə görə qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 sentyabr 2023-cü il tarixli, EQ seriyalı 17200090 nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs, 30 sentyabr 2023-cü il tarixdə, “NİSSAN TİİDA” markalı, **- FA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Səbail rayonu, Bülbül prospekti ərazisində dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Materialdan görünür ki, Şəxs 30 sentyabr 2023-cü il tarixli, EQ seriyalı 17200090 nömrəli elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən də Şəxs barəsində Suraxanı rayon DYPŞ-nın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Şəxs 30 sentyabr 2023-cü il tarixli, EQ seriyalı 17200090 nömrəli qərarla 20 manat cərimə olunmuş, lakin həmin cəriməni 03 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. 085508 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli məktublardan və qərarlardan görünür ki, onun müraciəti əsasında barəsində qəbul edilmiş tənbeh vermə haqqında qərarlar onun İİ qrup əlil olması səbəbilə ləğv edilmişdir. Belə ki, Yol Hərəkəti haqqında qanunun 64-cü maddəsinin V bəndinə görə qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə. Həmçinin materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs məxsus ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin alın və arxa şüşəsində əlil tanınma nişanı yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.8, 333, 333-1, 342.8, 343 və 343-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar