Məhkəmə qərarları › İş №3(010)-617/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-617/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-617/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə, X5, 22 avqust 1962-ci il Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 32QN4VP, evli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 24B nömrəli evin 29 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X3 qəbul etdiyi 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. 22 aprel 2021-ci il tarixdə X8 şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmə qərarı qanuni qüvvəsini alanadək Daxili İşlər Nazirliyində cərimə və cərimə balları sistemində müddət axımının dayandırılması, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxs X8 məhkəmədə şikayətini müdafiə edərək göstərdi ki, 12 avqust 2020-ci il tarixdə, təxminən saat 13:12-də Bakı şəhəri, Z.Bünyadov prospektində özünə məxsus “Mercedes Benz E280” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkət edərək, “Ayna Sultanovanın heykəli” deyilən ərazidə körpünün altında, Dövlət Vergi Xidmətinin X9 Departamentinin qarşısındakı yol ayrıcına daxil olub hərəkəti davam etdirərkən Bakı şəhəri Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin yol patrul xidməti əməkdaşları arxasınca gələrək “saxla” işarəsi vermişlər. Avtomobilini saxladıqdan sonra yol patrul xidməti inspektoru tərəfindən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, etiraz edərək barəsində tərtib edilmiş protokolun aidiyyəti hissəsində vəsatətini yazmışdır. Həmin protokola əsasən Bakı şəhəri Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul olunmuş qərarla 60 manat məbləğində cərimə olunmağı barədə 24 avqust 2020- ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 24 oktyabr 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsindən əlbəəl almış və qanunsuz qəbul edilmiş qərardan onun ləğv edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 3(010)-1483/2020 saylı qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar Haqqında İşlər üzrə İcraat Şöbəsinin inspektoru X3 qəbul etdiyi qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinə geri qaytarılmışdır. 12 mart 2021-ci il tarixdə Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin inzibati binasının 2-ci otağında 12 avqust 2020-ci il tarixdə barəsində təırtib olunmuş İXP seriyalı ******* nömrəli protokola əsasən qərar qəbul edilməsi üçün törədilmiş inzibati xətanı qeydə alan “xüsusi texniki vasitə”nin görüntüsıinə iştirakımla baxılmışdır. O, 2.4 (“yol verin”) nişanının mənasını izah etmiş və həmin yol ayrıcına daxil olan zaman dayanıb gözləməli olmadığını və baş yolla hərəkət edərək yol ayrıcına yaxınlaşan nəqliyyat vasitəsinin yol ayrıcına daxil olmasından sonra həmin yol ayrıcına daxil olmalı olmadığını bildirmişdir. O, Azərbaycan Poliexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) “X1” fakültəsini bitirərək mühəndislik ixtisasına yiyələnməyinin, 20 il ərzində Bakı şəhərində fəaliyyət göstərən 5 nömrəli (sonradan adı dəyişdirilərək A/k 2714 olmuş) avtobus parkındakı iş fəaliyyətinin nəticəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin saytında yerləşdirilən qanunlardan, şərhlərdən, izahlardan, dərslərdən və nəhayət 40 illik sürücülük təcrübəsindən 2.4 yol nişanı quraşdırılmış yol ayrıclarına, əgər baş yolla hərəkət edən nəqliyyat vasitəsi yoxdursa və ya belə nəqliyyat vasitəsi yol ayrıcına daxil olmayıbsa, onun hərəkətinə mane olmamaq şərtilə dayanmadan həmin yol ayrıcına daxil olmaq olduğunu dəqiq bilir. 2.4 nişanını 2.5 nişanından (“dayanmadan keçmək qadağandır”) fərqləndirən yeganə amil də budur. Lakin o, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin əməkdaşı Qasımov Elçinin 2.4 yol nişanını 2.5 yol nişanı ilə eyniləşdirdiyini hiss etmişdir. Belə ki, Qasımov Elçin ona dayanıb sonra keçməli olduğunu demişdir. O, şifahi olaraq vəsatət vermişdir ki, görüntüdə onun inzibati xəta törətməyi şübhəli olduğuna görə ekspert rəyinin alınmasına ehtiyac var. X7 vəsatətini qəbul etməmişdir. 16 mart 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar Haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X6 tərəfindən qəbul edilmiş ******* saylı qərarla 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə həmin gün (16 mart 2021) Daxili İşlər Nazirliyinin cərimə və cərimə balları sisteminə yerləşdirilmiş və ortada qanuni qüvvəyə minmiş qərar olmadığına baxmayaraq müddət axımı davam edir. Bu, mövcud qanunvericiliyə ziddir. Yəni qanuni qüvvəyə minmiş qərar olmadığı halda avtomobilinə 02 aydan sonra saxlama, 03 aydan sonra həbs qərarı veriləcək və əlavə faizlər hesablanacaq. Həmin qərarı 05 aprel 2021-ci il tarixdə X2 imza etməklə əlbəəl almışdır. Həmin qərar əsassız qəbul edildiyinə görə onu qəbul etmir. Belə ki, Bakı şəhəri, Z. Bünyadov prospektində, “Ayna Sultanovanın heykəli” deyilən ərazidə, körpünün altında, yolayrıcına daxil olmadan əvvəl üstünlük nişanları qrupuna aid olan 2.4 nişanı (“yol verin”) quraşdırılıb. “X11” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. 2.4 (“yol verin”) nişanının mənasından isə aydın olur ki, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsi, əgər baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsi yoxdursa və ya baş yolla hərəkət edərək yol ayrıcına yaxınlaşan nəqliyyat vasitəsinin hərəkətinə mane olmursa, dayanmadan yol ayrıcına daxil ola bilər. Görüntüdən aydın olur ki, o, idarə etdiyi avtomobillə baş yola daxil olan zaman baş yolla hərəkət edən nəqliyyat vasitəsinin hərəkətinə mane olmamışdır. Əgər yol patrul xidməti avtomobili onun hərəkət etdiyi küçədə, 2.4 nişanından əvvəl duraraq müşahidə aparsaydı, o zaman baş yola daxil olan zaman onun avtomobili ilə baş yolla hərəkət edən nəqliyyat vasitəsinin arasındakı məsafənin 20 metrdən artıq olduğu görünərdi. Görüntüdən o da aydın olur ki, (həqiqətən belədir) baş yol körpünün yan tərəfi ilə, üzü metronun “Koroğlu” stansiyası istiqamətindən körpünün altından keçməklə 180 dərəcə geriyə dönərək, körpünün yanı ilə üzü “20 yanvar” dairəsinə istiqamətlənib. Yolların (üzü “Koroğlu” istiqamətində və geriyə) arasındakı məsafə təxminən 25-26 metrdir. Həmin baş yolun bu cür planlaşdırılmasını, yəni bir istiqamətdən 180 dərəcə geriyə dönərək əks tərəfə istiqamətlənməsini, həmin yolların arasındakı məsafənin 25-26 metr olmasını, eyni zamanda körpünün alt hissəsində yol patrul xidməti avtomobilinin müşahidə aparması (çoxlu sayda sürücülər üçün bu, hərəkət sürətini minimuma endirməsi üçün başlıca amildir), baş yolla hərəkət edən nəqliyyat vasitəsinin yük avtomobili sinfinə və yük yeri furqon tipli olmaqla hündürlüyünü nəzərə aldıqda həmin yolla hərəkət edən nəqliyyat vasitəsinin sürətini azaltması təbii qəbul edilməlidir. Qeyd etdiklərindən aydın olur ki, o, idarə etdiyi avtomobillə yolayrıcına daxil olan zaman baş yolla hərəkət edən nəqliyyat vasitəsinin hərəkətinə mane olmamış və həmin nəqliyyat vasitəsi də məhz onun avtomobilinin yolayrıcına daxil olmasına görə sürətini azaltmamışdır. Əgər baş yolla həmin nəqliyyat vasitəsindən əvvəl və sonra hərəkət edən avtomobillərin də görüntüsü olsaydı o zaman məlum olardı ki, baş yolun həmin hissəsində bütün avtomobillər sürətini maksimum azaldırlar (görüntüdə, bas yolda yalnız bir avtomobilin görüntüsünün (hərəkətinin) nümayiş etdirilməsi və həmin avtomobilin sürətini azaltmasına mənim avtomobilimin baş yola daxil olmasının səbəb olması şübhəlidir). Bundan əlavə, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu təıtib edərkən Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Eyni zamanda törədilmiş inzibati xətanın yol patrul xidməti inspektoru X4 tərəfindən vizual formada aşkarlanması absurddur. Belə ki, yuxarıda qeyd etdiyi kimi yol patrul xidməti inspektoru 2.4 nişanından əvvəl duraraq müşahidə aparsaydı, o zaman baş yola daxil olan zaman onun avtomobili ilə baş yolla hərəkət edən nəqliyyat vasitəsinin arasındakı məsafənin 20 metrdən artıq olduğu görünərdi. Lakin körpünün altında müşahidə aparan yol patrul xidməti inspektoru 3 nöqtədən keçən bir düz xətt üzrə (təxmini) 1-ci nöqtədə durduğu halda 2-ci və 3-cü nöqtələr arasındakı məsafəni heç vaxt dəqiq bilə bilmədiyinə görə sonuncunun (1-ci nöqtə) onun avtomobilinin (3-cü nöqtə) baş yola daxil olan zaman baş yolla hərəkət edən avtomobilin (2-ci nöqtə) hərəkətinə mane olması qənaətinə gəlməsi formal (şəxsi) mülahizələrə əsaslanır. Beləliklə, 16 mart 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar Haqqmda İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X6 qəbul etdiyi qərarın (N 3459520) əsaslandırıcı hissəsində (səh.l, axırdan 2-ci abzas) yeganə olaraq yol patrul xidməti inspektoru X4 tərəfindən vizual formada və “xüsusi texniki vasitə” ilə qeydə alınaraq aşkar edilməsinə əsaslanaraq qəbul etdiyi qərar əsassız olduğuna görə ləğv edilməli başlanmış iş üzrə icraata xitam verilməlidir. Sonda R.A.Həziyev Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında və məhkəmə qərarı qanuni qüvvəsini alanadək Daxili İşlər Nazirliyində cərimə və cərimə balları sistemində müddət axımının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş 12 avqust 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, yolayrıcını keçmə qaydalarını pozduğuna görə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati protokol tərtib edilmişdir. Şikayətə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 12 avqust 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospektində hərəkətdə olarkən “X11” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. “X11” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İİ-ci hissəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 63-cü maddəsinin İ-ci hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə işdə olan sübutlarla müəyyən olunur ki, X8 12 avqust 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospektində hərəkətdə olarkən, yolda quraşdırılmış 2.4 (“yol verin”) nişanının tələblərinə riayət etmədiyinə görə həmin ərazidə xidmət aparan və inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halları bilavasitə aşkar etmiş yol patrul xidməti inspektoru X4 tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan X5 barəsində tərtib edilmiş 12 avqust 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələblərinə əsasən baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmiş və Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X3 qəbul etdiyi 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə həmçinin qanunvericilikdə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinin istisna edilmədiyini nəzərə alaraq hesab edir ki, törədilmiş inzibati xətanın yol patrul xidməti inspektoru X4 tərəfindən vizual formada aşkarlanmasının absurd olmasına dair X5 dəlili qəbul edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 şikayətinə əlavə etdiyi fotoşəkillərdən və video görüntülərdən isə inzibati xətanın törədildiyi yerdə, yəni Bakı şəhəri, Ziya Bünyadov prospektində 2.4 (“yol verin”) nişanının quraşdırıldığı, həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrinin soldan, yəni körpünün altı ilə hərəkət edən və hərəkət üsütünlüyünə malik olan nəqliyyat vasitələrinə yol verdikləri müəyyən olunur, lakin həmin görüntülərdən X5 12 avqust 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə 2.4 yol nişanı quraşdırılmış yol ayrıclarına daxil olarkən hərəkət üsütünlüyünə malik olan nəqliyyat vasitələrinə hər hansı bir maneə yaratmadan hərəkətinə davam etdiyi öz əksini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, şikayətə əlavə edilmiş fotoşəkillər və video görüntülər barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 təqsirsiz olmasına dair mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləni 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X15nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X15 İdarəsinin, X15 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X15 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, R.A.Həziyevin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə R.A.Həziyev qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xətanı törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X3 qəbul etdiyi, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X6 tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyinə görə X5 şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə X5 məhkəmə qərarı qanuni qüvvəsini alanadək Daxili İşlər Nazirliyində cərimə və cərimə balları sistemində müddət axımının dayandırılmasına dair xahişinə münasibətdə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraatı qaydasında həmin məsələyə baxılması nəzərdə tutulmadığından, eyni zamanda X5 şikayəti təmin edilmədiyindən sonuncunun şikayəti həmin hissədə də təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin İnzibati Xətalar haqqında İşlər üzrə İcraat Şöbəsinin baş inspektoru X3 qəbul etdiyi 16 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar