Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-62/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun qanuni nümayəndəsi X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Teymur Əliyevin və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, Şəxs, 30 avqust 2005-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, İsmayıllı rayonu, Nanıc kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 05 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə gecə saatlarında o, bibisi oğlu Məhərrəm ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində bibisinin həyat yoldaşına məxsus avtomobil ilə gəzirdilər. Bu zaman onları polis əməkdaşları saxlamışdır. Polis əməkdaşı Məhərrəmdən avtomobilin açarını istəmiş, sonuncu isə açarın olmadığını bildirmişdir. Açar avtomobilin üzərində olsa da, Məhərrəm avtomobilin aparılmağını istəmədiyindən açarı polis əməkdaşına verməmişdir. Bundan sonra, polis əməkdaşı həmin yerə post patrul xidmətinin əməkdaşlarını çağırdı. O, həmin vaxt atasına zəng etmək istəsə də, polis əməkdaşı onun mobil telefonunu əlindən alaraq buna imkan verməmiş, həmçinin, Məhərrəmin də mobil telefonunu əlindən almışlar. Bununla da, onların valideynlərinə məlumat vermək hüquqları məhdudlaşdırılmışdır. Bundan sonra polis əməkdaşları X4 döyməyə başlayaraq, sonuncuya xəsarətlər yetirdilər. Polis əməkdaşları onu və Məhərrəmi güc tətbiq edərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirərək orada saxlayıblar. O, polis əməkdaşlarına hər hansı bir formada tabesizlik göstərməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 nümayəndəsi X5 göstərmişdir ki, oğlu Şəxs 01 yanvar 2023cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 Yol Patrul Xidmətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılmışdır. Onun övladı Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə qarşı müqavimət göstərməmiş, sadəcə olaraq mobil telefonu vasitəsi ilə hadisə barədə ona məlumat vermək istəmişdir. Lakin, oğlu Şəxs yetkinlik yaşına çatmamasına baxmayaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 01 yanvar 2023-cü il tarix axşam saatlarından 02 yanvar 2023-cü il tarix səhər saatlarına kimi qanunsuz olaraq polis şöbəsində saxlanılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, Teymur Əliyev məhkəmədə göstərdi ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla kobud rəftar etmişdir. Buna görə də Şəxs qanuni nümayəndəsinin iştirakı ilə izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X6 məhkəmədə bildirdi ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla kobud rəftar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 Yol Patrul Xidmətinin polis baş serjantı X8 göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində hərəkətdə olan “VAZ 21150” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək, ondan sənədlərini təqdim etməsini xahiş etmiş, həmiçinin sürücü sərxoş vəziyyətdə olduğu üçün avtomobilin açarını təqdim etməsini xahiş etmişdir. Lakin sürücü isə onun tələblərinə məhəl qoymayaraq sənədlərini və avtomobilin açarını təqdim etməkdən imtina etmiş, avtomobildə sərnişin qismində əyləşmiş şəxs isə mobil telefon ilə çəkiliş etməyə cəhd edərək, səs-küy salmışdır. O, həmin şəxslərə nizam-intizamlı olmağa dəvət etsə də, Şəxs onun bu tələbinə əməl etməmişdir. Sürücünün və avtomobildə olan sərnişinin onun qanuni tələblərinə tabe olmadıqlarını, habelə əl-qol atdıqlarını görüb köməyə post patrul xidməti əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş post patrul xidmətinin əməkdaşları həmin şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı sürücüyə və avtomobildə olan digər şəxsə qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post patrul Xidmətinin polis serjantı X10 göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında 1-ci sektor Hövsan qəsəbəsi, Bağlar massivində xidmət apardıqları zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 Yol Patrul Xidmətinin inspektorları xidməti çağırışla müraciət edərək, bir sürücünün və avtomobildə olan sərnişinin tabesizlik göstərdiklərini bildirmişlər. Buna görə də onlar hadisə yerinə gediblər. O, həmin şəxslərə yaxınlaşıb özünü təqdim edərək, sonunculara nizam-intizamlı olmağa dəvət etsə də, Şəxs mobil telefon vasitəsi ilə çəkiliş etməyə cəhd edərək, onlarla kobud rəftar etmişdir. Bu səbəbdən də, Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Həmin şəxsləri avtomobilə mindirərkən mobil telefonlardan biri yerə düşərək ekranı sınmışdır. Həmin vaxt Şəxs hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post patrul Xidmətinin polis serjantı X11, şahid X7 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun qanuni nümayəndəsini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, 05 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 02 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 Yol Patrul Xidmətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, bu halın Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfərləri tərəfindən tərtib edilmiş raportla müəyyən edildiyi qeyd edilsə də, lakin Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının konkret olaraq hansı qanuni tələblərinə tabe olmadığı öz əksini tapmamışdır. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs hadisə günü bibisi oğlunun polis əməkdaşları tərəfindən döyüldüyünü mobil telelefonu ilə valideynlərinə məlumat verməyə cəhd etdiyi üçün məcburi qaydada Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq 01 yanvar 2023-cü il tarixdə axşam saatlarından 02 yanvar 2023-cü il tarixdə səhər saatlarına kimi polis şöbəsində saxlanılmış, həmçinin Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmamış, bununla da sonuncu qanunsuz olaraq polis şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-62/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-62/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver