Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6296/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayətçi Hacıyev (Gajıev) Abbas Əjdər oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ 30089004 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından Hacıyev (Gajıev) Abbas Əjdər oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıyev (Gajıev) Abbas Əjdər oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Baş X9 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 30089004 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ** OK *** dövlət qeydiyyat nişanlı *DAF* Markalı, 5 oxlu Yük avtomobili X5 məxsusdur. O, həmin yük avtomobilini X2 Bakı şəhəri 24 Saylı Dövlət Notariat Kontorunun xüsusi notarusu X3 xx.xx.2024-cü il tarixdə təsdiq edib verdiyi etibarnamə əsasında idarə edərək, həmin avtomobillə ölkədaxili və ölkədən xaricə yük daşayır. 20 avqust 2025-ci il tarixində həmin avtomobillə Şəmkir rayonunun X10 Stansiyasından çəkisi 40020 kq. “KAOLİN GİL” (Çənlibel V6) yükləyərək Bakı şəhəri istiqamətində hərəkət edən vaxt Ucar rayonunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “X1” keçdikdən sonra, Bakı şəhəri istiqamətində hərəkət edərkən, xx.xx.2025-ci il tarixdə saat 17:28.06-da ona məxsus ***-***-**-** nömrəli telefonuna mesaj gəldi ki, onun idarə etdiyi maşına yükün normadan artıq olması əsasıyla 600 (altı yüz) manat cərimə gəlib. Lakin həmin avtomobillə X4 adınadır. Etibarnamə aldığından cərimə onun adına gəlmişdir. Bildirir ki, o, həmin gün həmin avtomobillə Gürcüstan Respublikasının sərhəddini keçib, Şəmkir rayonunda həmin yükü vurub Bakı şəhəri istiqamətində gəlmiş və Ucar rayonunda avtomobili tərəzidən keçəndə, avtomobil onun idarəçiliyində olub. O, dərhal AYNA agentliyinin Qaynar xəttinə zəng vuraraq bildirdi ki, ona cərimə səhv gəlib, maşınla birlikdə tərəzidə avtomobilin çəkisi yüklə birlikdə 40020 (qırx min iyirmi olub) - maşın qarışığı. O, avtomobilin təzədən çəkilməsini xahiş etdi. Bildirdilər ki, araşdırıb xəbər verəcəyik. O, onlara demişdir ki, “avtomobilin yükü boşalandan sonra necə və nəyi araşdıracaqsınız”. Onun telefonuna göndərilmiş cərimə bildirişində göstərilir ki, xx.xx.2025-ci il tarixdə, 99OK283 dövlət qeydiyyat nişanlı avtomobil Ucar rayonu Ucar şəhəri istiqamətində hərəkətdə olan vaxt çəkiyə görə qayda pozuntusu törətmişdir və guya onun avtomobilində 43490 yük olmuşdur- Limit isə 40000 kq keçməməlidir. Bu bildiriş bilərəkdən onu haqsız yerə cərimə etmək üçün yazılmışdır. Dövlətimizin qanunlarına görə avtomobilin normadan artıq yükü boşaldılıb, sonra yoluna davam etməlidir. Həmin yükü Sumqayıt şəhərində “Kitayların ərazisi” deyilən yerdə təhvil vermişdir. Yükü qəbul edən avtomobili tərəzidə çəkərək - avtomobildə 39960 yük olduğu barədə qəbz veriblər. Bundan sonra AYNA-ya gedərək avtomobildəki yükün normadan artıq olmasına yazılan cərimənin silinməsini xahiş etmişdir. Ərizəsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xx.xx.2025-ci il tarixli məktubla cavab vermişdir ki, “sizin idarə etdiyiniz **-OK-*** dövlət qeydiyyat nişanlı iriqabarlı və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə tətbiq olunan cərimələrin ləğv edilməsilə bağlı 09 sentyabr 2025-ci il tarixli müraciətlərinizə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Aparılan araşdırma zamanı M-2 Bakı - Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluçnun 47.9-cu km-də (Qazax istiqaməti, Qaradağ) yerləşən elektron tərəzidə cari ilin 8 avqust tarixində “DAF” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı beşoxlu avtonəqliyyat vasitəsinin çəkisinin 42230 kq qeydə alındığı və çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə real vaxt rejimində barənizdə inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Bildiririk ki, elektron tərəzi müvafiq qaydada yoxlanılmış və ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. Belə ki, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhəri avtoqatarlar üçün icazə verilən ümumi çəkisi müəyyən edilmiş 40000 kq-lıq həddi aşmamalıdır”. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. O, həmin qərardan narazıdır, hesab edir ki, 99OK283 nömrəli avtomobilin 600 manat cərimə olunması barədə EQ30089004 Saylı Protokolun etibarsız hesab edilərək xx.xx.2025-ci il tarixli qərar ləğv olunaraq inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Hacıyev (Gajıev) Abbas Əjdər oğlu şikayətini müdafiə edərək, izahatında göstərdi ki, 20 avqust tarixində sərhədi keçmiş və Şəmkir rayonunda həmin maşına 40 ton yük yükləmişdir. Ucar tərəzi postundan isə onun maşını 3 tonadək artıq çəkidə çəkilib. O, Kürdəmirdə olanda ona sms bildiriş gəlmiş, o da 102 xidmətinə zəng edərək qaynar xəttin nömrəsini almış və onlarla əlaqə saxlamışdır. Onlara yalnışlıq olduğunu, əlində tərəzi çekinin olduğunu, maşınının yenidən çəkilməsini bildirmişdir. Ona isə belə sistemin olmadığı bildirilmişdir. Onun maşının çəkisi normaya uyğun olmuş, AYNA qurumunun tərəzisində nasazlıq olmuşdur. Yükü boşaltdığı yer isə kitaylara məxsus zavoddur, orada da 39960 kq çəki gəlmişdir. Qərar 20 avqust tarixinfə yazılıb, ancaq yazılan məktubda 08 avqust tarixində normadan artıq çəkidə olması bildirilib. O, bəlkə də 08 avqust tarixində ölkə xaricində olmuşdur, 03 avqust tarixində ölkəyə giriş edib. Qərarın qanunsuz olmasına görə xitam verilməsini xahiş edir. BDYPİ çəkib AYNA qurumuna göndərir, onlar da qərar qəbul edir. Əgər AYNA-nın qərarında səhvlik varsa, onlar cərimə qərarını ləğv etməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30089004 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, M-2 244.2 km, Ucar rayonu Alpout kəndi, Bakı istiqaməti xx.xx.2025-ci il tarixində, saat 17:28:06-da DAF XF 105.510 YÜK markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Hacıyev (Gajıev) Abbas Əjdər oğlu tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 0801 nömrəli kalibrasiya sertifikatından görünür ki, seriyo nömrəsi 8142/1 olan, model “Tekno”, kalibrasiya və sertifikat tarixi xx.xx.2025-ci il olan, ölçmə vasitəsi avtomobil tərəzisi olan, ölçünü hazırlayan İ.Quliyev, kalibrasiya laborotoriyası olaraq fəaliyət göstərən "xxxx" MMC tərəfindən ölmə nəticələri barədə sertifikat verilmişdir. -Baş X9i İdarəsi tərəfindən verilmiş 3C:E4:B0:E4:7E:BF nömrəli kamera görüntülərindən əks olunmuş foto şəkillərin surətindən görünür ki, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil M-2 244.2 km, Ucar rayonu Alpout kəndi, Bakı istiqaməti üzrə xx.xx.2025-ci il tarxidə, saat 17:28:06 radələrində hərəkətdə olan zaman çəkisi 43490 kg olmuşdur. -xx.xx.2025-ci il tarixli, 3614 nömrəli tərəzi qəbzindən (giriş:xx.xx.2025-ci il, 12:04:05, çıxış:xx.xx.2025-ci il, 12:26:45, göndərən Dəllər DYS, şirkət "xxxx" MMC müştəri Sumqayıt, sürücü Abbas, yükün adı Kaolin Gili) görünür ki, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 40020 kg olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, saat 22:50, yükün çəkisi 39960 kq qəbzdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Əmtəə Nəqliyyat qaiməsinə əsasən, yük göndərən - "xxxx" MMC tərəfindən “KAOLİN GİLİ” (Çənlibel Y6) yükü xx.xx.2025-ci il tarixdə sürücü Abbas, **-OK-*** dövlət qeydiyyat nişanlı maşını ilə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, Hacıyev (Gajıev) Abbas Əjdər oğlu xx.xx.2025-ci il tarixli, (giriş:xx.xx.2025-ci il, 12:04:05, çıxış:xx.xx.2025-ci il, 12:26:45) görünür ki, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisini yoxlatmış və brutto çəkisi 40020 kg olmuş. Baş X9i İdarəsi tərəfindən verilmiş 3C:E4:B0:E4:7E:BF nömrəli kameradan isə **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin M-2 244.2 km, Ucar rayonu Alpout kəndi, Bakı istiqaməti üzrə xx.xx.2025-ci il tarxidə, saat 17:28:06 radələrində hərəkətdə olan zaman çəkisi 43490 kg olması müəyyən edilmişdir. Baş X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30089004 saylı elektron qərarı ilə Hacıyev (Gajıev) Abbas Əjdər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, Hacıyev (Gajıev) Abbas Əjdər oğlunun məhkəməyə təqdim etdiyi qəbz (tərəzi çeki) əsasında müəyyən edilmiş çəki ilə Baş X9i İdarəsi tərəfindən verilmiş 3C:E4:B0:E4:7E:BF nömrəli kamerasının müəyyən etdiyi çəki arasında uyğunsuzluq mövcuddur. Lakin şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və Hacıyev (Gajıev) Abbas Əjdər oğluna istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sözügedən uyğunsuzluqların yenidən araşdırılması zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X9 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 30089004 saylı elektron qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən Hacıyev (Gajıev) Abbas Əjdər oğlu barəsində qəbul edilmiş barədə xx.xx.2025-ci il tarixli, EQ 30089004 inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6296/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6296/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver