Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-63/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, Teymur Əliyevin və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 2005-ci il tarixdə İsmayıllı rayonu, Müdürsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, İsmayıllı rayonu, Müdürsə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində sərxoş vəziyyətdə avtomobil idarə edərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla kobud rəftar etmişdir. Bununla da Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 05 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, o, qardaşı və dayısı oğlu ilə birlikdə 01 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində atasına məxsus avtomobil ilə gəzirdilər. Belə ki, o, sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə atasına məxsus avtomobili gizli olaraq götürüb idarə etmişdir. Bu zaman onları polis əməkdaşları saxlamışdır. Polis əməkdaşı ondan avtomobilin açarını istəmiş, o, isə açarın olmadığını bildirmişdir. Açar avtomobilin üzərində olsa da, o avtomobilin aparılmağını istəmədiyindən açarı polis əməkdaşına verməmişdir. Bundan sonra, polis əməkdaşı həmin yerə post patrul xidmətinin əməkdaşlarını çağırdı. O, həmin vaxt atasına zəng etmək istəsə də, polis əməkdaşı onun mobil telefonunu əlindən alaraq buna imkan verməmiş, həmçinin, dayısı oğlununda mobil telefonunu əlindən alaraq sındırmışdır. Bununla da, onun valideynlərinə məlumat vermək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra həmin polis əməkdaşı onu döyməyə başlamış və ona xəsarətlər yetirmişdir. O, həmin vaxt içkili olduğundan polis əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də, polis bölməsinə gətirilmiş və orada izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib etmişdir. O, 01 yanvar 2023-cü il tarix axşam saatlarından 02 yanvar 2023-cü il tarix səhər saatlarına kimi qanunsuz olaraq polis şöbəsində saxlanılmışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs qanuni nümayəndəsi X8 göstərmişdir ki, oğlu Şəxs 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən övladına qarşı güc tətbiq edilərək döyülmüş və xəsarətlər yetirilmişdir. Öğlu Şəxs yetkinlik yaşına çatmamasına baxmayaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 01 yanvar 2023-cü il tarix axşam saatlarından 02 yanvar 2023-cü il tarix səhər saatlarına kimi qanunsuz olaraq polis şöbəsində saxlanılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, Teymur Əliyev məhkəmədə göstərdi ki, Şəxs, 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində sərxoş vəziyyətdə avtomobil idarə edərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla kobud rəftar etmişdir. Buna görə də, Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, tibbi müayinədən keçirilmiş və tibbi müayinə protokoluna əsasən onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Buna görə də Şəxs izahatını alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X2 məhkəmədə bildirdi ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə müqavimət göstərərək, onlarla kobud rəftar etmişdir. Şəxs döyülməsi ilə bağlı xəsarət izi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin polis baş serjantı X5 göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində hərəkətdə olan “VAZ 21150” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır.O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək, ondan sənədlərini təqdim etməsini xahiş etmiş, həmiçinin sürücü sərxoş vəziyyətdə olduğu üçün avtomobilin açarını təqdim etməsini xahiş etmişdir. Lakin sürücü isə onun tələblərinə məhəl qoymayaraq sənədlərini və avtomobilin açarını təqdim etməkdən imtina etmişdir. Sürücünü nizam-intizamlı olmağa dəvət etsə də sonuncu sərxoş olduğundan avtomobildən düşməkdən və nəqliyyat vasitəsini duracağa getməsinə etiraz etmişdir. Sürücünün və avtomobildə olan sərnişinin onun qanuni tələblərinə tabe olmadıqlarını, habelə əl-qol atdıqlarını görüb köməyə post patrul xidməti əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş post patrul xidmətinin əməkdaşları sürücünü və avtomobildə olan sərnişini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı sürücüyə və avtomobildə olan digər şəxsə qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post patrul Xidmətinin polis serjantı X6 göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında 1-ci sektor Hövsan qəsəbəsi, Bağlar massivində xidmət apardıqları zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin inspektorları xidməti çağırışla müraciət edərək, bir sürücünün və avtomobildə olan sərnişinin tabesizlik göstərdiklərini bildirmişlər. Buna görə də onlar hadisə yerinə gediblər. O, hadisə yerinə gələndə sürücü sərxoş idi. O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək, sonuncuya nizam-intizamlı olmağa dəvət etsə də, sonuncu sərxoş olduğundan onun qanuni tələblərinə əməl etməmişdir. Bu səbəbdən də, həmin sürücünü və digər şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Həmin şəxsləri avtomobilə mindirərkən mobil telefonlardan biri yerə düşərək ekranı sınmışdır. Həmin vaxt sürücüyə və avtomobildə olan digər şəxsə qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post patrul Xidmətinin polis serjantı X7, şahid X3 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun qanuni nümayəndəsini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfərləri 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında 1-ci sektor Hövsan qəsəbəsi, Bağlar massivində xidmət apardıqları zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 Yol Patrul Xidmətinin əməkdaşları xidməti çağırışla müraciət edərək, Hövsan kəndinə yaxınlaşmalarını istəmişlər. Buna görə də, onlar hadisə yerinə gedib yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxslərə polisin qanuni əmrinə tabe olmağı xahiş etmişlər. Həmin şəxslər onların qanuni tələblərinə tabe olmamışdır. Bu zaman onlar fiziki qüvvədən istifadə etmişlər. Avtopatrula mindirilən zaman Samsung A52 markalı mobil telefon yerə düşərək ekranı sınmışdır. Həmin vətəndaşları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təhvil veriblər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və inzibati xətanı yetkinlik yaşına çatmadan törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İnzibati xətanı sərxoş halda törətməsini məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuş, lakin həmin protokolda Şəxs azad olunması barədə qeyd aparılmamışdır. Bundan başqa məhkəmədə inzibati xəta haqqında işə baxılarkən müəyyən olunmuşdur ki, Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq 01 yanvar 2023-cü il tarixdə axşam saatlarında inzibati qaydada tutulmuş 02 yanvar 2023-cü il tarixdə səhər saatlarında azad olunmuş, bununla da, Şəxs qanunsuz olaraq polis şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-63/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-63/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver