Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-636/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, elektrik işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(010)-3545/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019cu il tarixli qətnaməsi ilə ondan 21 oktyabr 2009-cu il təvəllüdlü X4 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər sacxlanılmaları üçün 30 may 2019-cu il tarixdən başlayaraq cavabdeh X1 xeyrinə hər ay hər bir uşağa 260 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldildikdən sonra o, icra sənədi üzrə imkanı daxilində mütəmadi ödənişlər etməklə icra sənədini qismən də olsa icra etmişdir. Hazırda, o, “Ev quşlarının yetişdirilməsi” sexində elektrik işləyir. Lakin əmək haqqı 250 manat təşkil etdiyindən hər ay 320 manat sabit pul məbləğində alimenti ödəyə bilməmişdir. Dəfələrlə icra məmuruna müraciət edərək maddi imkanının ağır olduğunu, icra sənədi üzrə tələbin onun əmək haqqına yönəldilməsini xahiş etdə də, sonuncu aliment pulunu hər ay tam olaraq ödəməli olduğunu, eyni zamanda yaranmış aliment borcunu da birdəfəlik ödəməli oduğunu bildirmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı icra sənədini tam icra etməyə imkan vermir. Məhz bu səbəbdən də onun icra sənədi üzrə aliment borcu yaranmışdır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(010)- 3545/2019 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və borcluya icranı dərhal könüllü olaraq təmin etmək təklif olunmuşdur. Bundan əlavə borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun gəlirlərinə, bank hesabında olan pul vəsaitinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qrum və təşkilatlara sorğular verilmişdir. Tələbin yönəldilə biləcək pul vəsaiti və ya əmlak aşkar edilməsə də, elektron informasiya sistemində borclunun adına qüvvədə olan əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. Borclu bir daha şöbəyə dəvət olunaraq izahatı alınmış, ona icra sənədinin mahiyyəti izah edilmiş və icra sənədi üzrə tələbi təmin etməsi təklif olunmuşdur. Borclu Şəxs izahatında əmək haqqının ondan tutulan alimentin məbləğindən az olduğunu buna görə də aliment borcunu hər ay mütəmadi olaraq ödəyə bilməyəcəyni bildirmişdir. Borcludan icra sənədi üzrə hər ay cəmi 320 manat tutulduğundan, onun əmək haqqı isə 250 manat olduğundan, yəni ödəməli olduğu alimentin məbləği əmək haqqından artıq olduğundan tələbin borclunun əmək haqqına yönəldilməsini zəruri hesab etməmişdir. Borclu Şəxs icra sənədi üzrə mütəmadi ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış, nəticəsə onun 4690 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu icra sənədinin real icrası üçün bütün zəruri tədbirlər görməmiş, bununla da bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X3 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(010)-3545/2019 nömrəli icra sənədinə əsasən Şəxs 21 oktyabr 2009-cu il təvəllüdlü X4 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər sacxlanılmaları üçün 30 may 2019-cu il tarixdən başlayaraq onun xeyrinə hər ay hər bir uşağa 260 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin borclu maddi imkanının olmadığını əsas gətirərək icra sənədini tam icra etmir. Halbuki, borclunun maddi imkanının aşağı olması onu icra sənədinin icrasından azad etmir. Borclu izahatında ona əlavə ödənişlər etdiyini bildirsə də lakin sonuncu ona heç bir əlavə ödəniş etməmişdir. Borclunun aliment pulunu tam ödəməməsi onu, himayəsində olan iki uşağının maddi təlabatlarını ödəməkdə çətinliklərlə üzləşdirir. Buna görə də o, yaranmış aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Sonda A.Ə..Məmmədova məhkəmədən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(010)-3545/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 21 oktyabr 2009-cu il təvəllüdlü X4 və 16 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər sacxlanılmaları üçün 30 may 2019-cu il tarixdən başlayaraq cavabdeh X1 xeyrinə hər ay hər bir uşağa 260 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən, X7 məxsus “Ev quşlarının yetişdirilməsi” sexində elektrik vəzifəsində çalışır, onun aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 250 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən, X7 məxsus “Ev quşlarının yetişdirilməsi” sexində elektrik vəzifəsində işləməsinə və 250 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Şəxs məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən, X7 məxsus “Ev quşlarının yetişdirilməsi” sexində elektrik vəzifəsində işləməsinə və 250 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(010)-3545/2019 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-636/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-636/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver