Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6372/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs və onun vəkili X4, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, həkim-kardioloq, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 18 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən borclu Şəxs 2 uşağa görə 340 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu qərəzli şəkildə alimenti ödəmir. Borclunun iki icra sənədi üzrə 13850 manat borcu var. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin icra vərəqəsinə əsasən borcludan iki uşağa görə 340 manat alınaraq, tələbkara ödənilməlidir. Eyni zamanda Sabunçu rayon məhkəməsinin 23 aprel tarixli icra vərəqəsinə əsasən alimentin məbləği artırılaraq, 2 uşağa görə 470 manat müəyyən edilmişdir. Vətəndaş Sabunçu İcra Şöbəsində olmuş, sonra icra sənədi aiddiyatı üzrə Suraxanı İcra şöbəsinə daxil olmuşdur. Müvafiq olaraq, icraata başlanılmış, tərəflər dinlənilmişdir. Borclunun mülkiyyətində iki avtomobil olması müəyyən olunmuş, üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə borc 10880 manat, Sabunçu məhkəməsinin qərarı ilə 2970 manat təşkil edir. Ümumilikdə, 13850 manat təşkil edir. Borclu ayın 11-i Şöbədə onun yanında olub, hesablamışlar, şəxs də narazılıq etdi ki, “o qədər borcum yoxdur”. Ondan sübutları təqdim etməsini istədikdə ancaq hakimə təqdim edəcəyini bildirmişdir. Borcun ödənilməsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, müharibədən sonra işdən uzaqlaşmışdır. Bu işin məhkəmə yolu ilə həll olması onun öz xahişi ilə olmuşdur. İcra məktubu və məktubun qoşmasında qəbzi var. Onun belə bir işi olsa xahiş etməzdi ki, bu işə məhkəmədə baxılsın. Tələbkarın dediyi 10840 manatla bağlı qeyd etdi ki, həmin məbləğdə borcla bu vaxta qədər gəzə bilməz. İddia ərizəsində gösdərdiyi məbləğ başqa, məhkəməyə təqdim edilən məbləğ başqadır. Nizami Rayon Məhkəməsi işə baxıb, sonradan tələbkar Apellyasiya Məhkəməsinə müraciət edib. O, sübutlarını məhkəməyə təqdim edib, işə xitam verilib. Buna dair videoyazıları var. Apellyasiya Məhkəməsi 10840 manatla bağlı iddia olmamasına dair qərar verdi və həmin tarixdən sonrası üçün ödənişlər etməsini bildirdi. Hesab edir ki, Apellyasiya Məhkəməsi onun borcu olmaması barədə qərar qəbul edibsə, deməli onun borcu yoxdur və qərar ilə protokola xitam verilib.O, həmin məhkəmədə ödənişlər etməsinə dair qəbz təqdim edib, borcu yoxdur, yeganə borcu hazırda aliment məbləğinin artırılması ilə əlaqədardır. Sabunçu rayon Məhkəməsinin icra vərəqəsinə əsasən aliment məbləği artırılmışdır. Tələbkar ona bank rekvizitlərinin olduğu kart hesabını verməyib, depozit hesabını da bilmədiyi üçün ödəniş etməyib. Yəni, o, qəsdən aliment borcunu ödəməkdən yayınmayıb. Həmçinin, tələbkar onu uşaqları ilə görüşdürmür, buna icazə vermir. O, xx.xx.2025-ci il tarixdə 100 manat və 1600 manat, xx.xx.2025-ci il tarixdə isə 1300 manat ödəniş etdiyini, Suraxanı İcra şöbəsində borcu qalmadığını bildirdi və buna dair qəbzin surətlərini təqdim etdi. Onun Sumqayıt Şəhər Məhkəməsinin icra vərəqəsi üzrə borclarına dair qəbzləri Bakı Apellyasiya Məhkəməsində təqdim etmiş, lakin tələbkar qəbul etməmiş, həmin məbləğ ilə kirayə pulunu və digər ehtiyacları ödədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi də pulun hara xərclənməsinin borcluya heç bir aidiyyatı olmadığını bildirmiş və iş üzrə protokola xitam vermişdir. Qeyd etdiklərinə əsasən borcunun olmadığını bildirdi. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs vəkili X6 bildirdi ki, şəxs 3000 manat məbləğində ödəniş etmiş və buna dair qəbzlərini təqdim etdi. Bundan əlavə ödənişlərinin də olduğunu, ancaq qəbzi olmadığını söylədi. Hesab edir ki, ödənişlər olursa, borc məbləğindən qəsdli şəkildə yayınma yoxdur. Bu səbəbdən hazırki protokola xitam verilməsini, gələcəkdə ödənişlər edilməzsə, yenidən barəsində protokol tərtib edilib məhkəməyə verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, icra məmuru nə qədər təkid etsə də, borclu sənədləri məhkəmədə verəcəyini bildirdi. O, səhv salır, Nizami Rayon Məhkəməsində borclu 1000 manat depozit kimi ödədiyi üçün protokola xitam verildi. 2023-cü ilin mart ayından 2025-ci ilin avqust ayınadək ödəniş edib. Qərar 2020-ci ildə verilib və o da 1000 manat depozit kimi ödəyib deyə xitam verilib. Borclunun borcu daha çox olub, Sabunçu Məhkəməsində qəbzlərini göstərib onun borcundan çıxıblar və 6970 manat borc qalıb, Sumqayıt da isə onun kommunal ödənişləri etməsini, kirayə pulunu verməsini güzəşt edərək borc məbləğindən 7000 manat silinmə edildi. Özü hazırda kirayədə yaşayır, uşaqları repititor yanına göndərir və aylıq 500 manat repititorlara verir. O da borclu kimi tibb işçisidir, bütün bu xərclərlə çatdırmır. Borclu da 2 ildir ki, yalnız aylıq ödənişləri edir, borcundan ödəniş etməyib. Bu səbəbdən o, borc məbləğinin hamısının bütöv ödənilməsini tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borcunu ödəməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2641/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 2260/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılması, cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Şəxs, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 1300 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 1600 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs ona 13850 manat məbləğində borcu var. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəlki borcunun mövcud olmasını inkar edərək uşaqlarla ünsiyyətdə olmadığını bəhanə gətirərək, ödənişləri yalnız protokol tərtib edildikdən sonra etmiş, bununla da, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-6372/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6372/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver