Məhkəmə qərarları › İş №3(010)-6376/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-6376/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-6376/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X3, X1 iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, şirkətdə fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nisə İsmayılovanın tərtib etdiyi 18 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 2(010)-5552/2021 nömrəli icra vərəqəsinə əsasən borclular Şəxs və X5 02 avqust 2017-ci il tarixində Bakı şəhəri 8 saylı Notariat Kontorunda 3m-165 reyestr nömrəsi ilə kredit müqaviləsi üzrə 25350 manat məbləğində borc tutularaq Gadjıev Aıdının xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək borcluya 10 gün tələbin könüllü icrası üçün vaxt verilərək bildiriş göndərilmişdir. Borclu Suraxanı rayon İcra Şöbəsinə gələrək ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 8(010)-153/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə borclunun borcu tam ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X6 bugünə toplanmış borcu 17.080 manat təşkil edir. Son 1 ildə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Hal-hazırda borclunun əmək haqqısına yönəldilməsi üçün müraciət edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ödənişin ödənilməməsində heç bir qərəzi olmadığını, ağır şəkərli diabet xəstəsi olduğunu, həkim nəzarətində olduğunu, ona görə ödənişlər edə bilmədiyini, 6-cı aydan etibarən "xxxx" MMC-də fəhlə kişi işlədiyini, rəsmi iş yeri olduğunu, bununla bağlı icra şöbəsinə də 7-ci aydan etibarən məlumat verdiyini, son olaraq o, himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını, borcunun rəsmi əmək haqqısına yönəldilməsini, əmək haqqısından əlavə də ödənişlər edəcəyini bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. X2 izahatında bildirdi ki, sonuncu dəfə borclu barəsində protokol tərtib edildiyi vaxt 1 il bundan öncədir. Həmin vaxt məhkəmə tərəfindən borcluya 1 həftə vaxt verildi, lakin heç bir ödəniş edilmədiyi üçün məhkəmə borcluya inzibati qaydada cərimə tətbiq etdi. Hazırda həmin 1 il müddətində borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu islah olmur və borcdan qərəzli olaraq yayınır. Borclunun “Mercedes Benz” markalı avtomobili vardır. Lakin Gürcüstan Respublikası vətəndaşı olduğu üçün həmin əmlaka da yönəldilə bilmir. Dolayısı ilə həmin yönəldilmə olmadığından tələbkar olaraq o, əziyyət çəkir. Hazırda da borclunun iş yeri olduğu və borcun əmək haqqısına yönəldilməsini bildirsə də, o bununla razılaşmır. O, həmin borcun əmlaklarına yönəldilməli olduğunu bildirir. Halhazırda onun avtomobili yoxdur, ictimai nəqliyyat vasitəsindən istifadə edir, borclu isə 17080 manat borcu olmasına baxmayaraq öz şəxsi avtomobili ilə rahat hərəkət edir. Ümumiyyətlə o, təkcə borcludan deyil, icra məmurundan da şikayətçidir. Belə ki, bu qədər uzun müddətdir, borclu qərəzli olaraq yayınmasına baxamayaraq, borclunun məcburi gətirilməsi barədə qərar bu yaxın zamanlarda qəbul edilmiş, həmçinin də İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolu da məhz bugün tərtib edilmişdir. Halbuki, bu sadalanan hərəkətlər çox öncədən edilməli idi. Sonda o, borcludan tam məbləği tələb etdiyini, çünki o, həmin məbləği ona hissə-hissə verməmişdir. Əks təqdirdə isə ona inzibati qaydada həbs tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına olan borclu Şəxs tərəfindən Suraxanı Rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixində verilmiş ərizədən görünür ki, borclu Şəxs "xxxx" MMC-də fəhlə işlədiyini, borc məbləğinin tutulması üçün əmək haqqına yönləndirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış və məhkəmə tərəfindən müəyyən edilmiş aliment borcunu ödəməmişdir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 18 dekabr 2025-ci il saat 19:20-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar