Məhkəmə qərarları › İş №3(010)-639/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-639/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-639/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı ray, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 14 nömrəli evin 23 nömrəli mənzildə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə əsasən ondan, 12 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment X1 xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq heç yerdə işləmədiyindən icra sənədini tam icra edə bilməmiş və bu səbəbdən də onun aliment borcu yaranmışdır. Bununla belə hazırda o, icra sənədi üzrə 600 manat ödəniş etmişdir. Qalan aliment borcunun isə hər ay hissə-hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Məhz bu səbəbdən də tələbkarın ona qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncu hazırda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədi üzrə 2.400 manat aliment borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 600 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X5 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə əsasən 12 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment Şəxs onun xeyrinə tutulmuşdur. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin ağır olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hal-hazırda borclu ona 600 manat ödəniş etmiş, qalan məbləğin isə hər ay hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Bu səbəbdən də borcluya qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 12 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment X1 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif etmiş edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 08 oktyabr 2020-ci il tarixli bildirişdən və həmin bildirişdəki qeydlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs 19 oktyabr 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materialarına əlavə edilmiş 07 may 2021-ci il tarixli ödəniş qəbzindən görününr ki, borclu Şəxs tələbkar X1 ******************** nömrəli bank hesabına Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 600 manat məbləğində vəsait köçürmüşdür. İş materialarında olan icra sənədi üzrə tələbkar X1 məhkəmə iclasında verdiyi 07 may 2021ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs icra sənədi üzrə 600 manat ödəniş etdiyinə görə, həmçinin öz aralarında razılığa gəldiklərinə görə X1 borclu Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs, icra sənədi üzrə tələbkara 600 manat ödəniş etmiş, qalan məbləğin isə ödənilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İcra sənədi üzrə tələbkar X5 borclu Şəxs qarşı heç bir şikayətinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 2.400 manat aliment borcundan tələbkar X3 600 manat, yəni icra sənədi üzrə borcunun ¼ hissəsini ödədiyini, sonuncunun heç bir şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-6559/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar