Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-64/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X12 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 21 dekabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla (materiala digər sənədlərlə yanaşı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin hadisə ilə bağlı 25 noyabr 2020-ci il tarixli qərarı əlavə olunub) Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 17 sentyabr 2020-ci ildə saat 22.00-da “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobili Hava Limanı istiqamətində soldan 2-ci zolaqla saatda 120 km sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş, yəni arxadan eyni istiqamətdə 1-ci zolaqla “Renault Megane” minik markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi “Chery A13” minik markalı avtomobili sola doğru istiqamətləndirməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, “Renault Megane” minik markalı avtomobilə yol verdikdən sonra sola doğru yerdəyişmə aparmaqla hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək, X2 idarə etdiyi “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, onun müvafiq ehtiyatsızlığı nəticəsində idarə etdiyi avtomobildə olan sərnişin X4, «Renault Megane» minik markalı avtomobildə olan sərnişin X6 dərəcələri təyin edilməyən xəsarətlər almış, özü isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 maddi ziyan vurulmuşdur. Həmin material 06 yanvar 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin 18 yanvar 2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. Şəxs şikayətinə əsasən materiala apelyasiya instansiyası məhkəməsində baxılmış və Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarı ləğv edilərək material hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, Şüvəlan qəsəbəsinə getmək üçün 17 sentyabr 2020-ci ildə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi «Chery A13» minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobillə Hava Limanı istiqamətində hərəkət edirdi. Avtomobildə sərnişin qismində dostu Muhəmməd də olub. Göstərilən istiqamətdə soldan birinci zolaqla hərəkət etdiyi vaxt arxadan gələn avtomobilin sürücüsü uzaq işıqları yandırıb söndürərək ona yol verməsini istəmiş, lakin o (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin), sağında avtomobillər olduğuna görə arxadan gələn avtomobilə həmin anda yol verə bilməmişdir. Sağı boşaldıqdan sonra arxadan gələn avtomobili ötürmək üçün sağ zolağa, yəni sağdan ikinci zolağa çəkilmişdir. Bu zaman arxadakı avtomobilin sürücüsü də, idarə etdiyi avtomobili onun arxasına, yəni soldan ikinci zolağa tərəf istiqamətləndirmişdir. O, idarə etdiyi avtomobilinin sürətini azaltmışdır ki, arxadakı avtomobil ötüb keçsin. Bu zaman arxadakı avtomobil soldan birinci zolağa çıxmış və onun avtomobilinin arxa yan tərəfinə çatanda ön sağ tərəfi ilə onun avtomobilinin buferinin arxa sol yan hissəsini vurmuşdur. Həmin zərbə nəticəsində hər iki avtomobil idarəetməni itirərək fırlanmağa başlamış və inzibati xəta haqında protokolda təsvir olunan yol-nəqliyyat qəzası baş vermişdir. Beləliklə, yol-nəqliyyat qəzasının baş verməsinin səbəbi hadisə anında yolun sol tərəfdən birinci zolağı ilə hərəkət edən “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ künc hissəsi ilə onun idarə etdiyi “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobili arxa sol yan hissəsindən vurması, həmin zərbə nəticəsində hər iki avtomobilin idarəetməni itirməsi ilə bağlı olub. Hal-hazırda da həmin ilk toqquşmanın izi “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsində qalıb. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bununla bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». İnzibati xətalar qanunvericiliyinin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri polis orqanı tərəfindən sübuta yetirilməli, mövcud olan şübhələr isə onun xeyrinə həll edilməlidir. İş materiallarına hadisənin videoyazısını əks etdirən kompakt disk əlavə olunub. İşin məhkəmə baxışı zamanı həmin videoyazıya baxış keçirilmiş, bu zaman müşahidə olunmuşdur ki, hadisənin baş verdiyi ərazi ilkin yazma qurğusundan uzaq məsafədə yerləşdiyinə görə, habelə qaranlıq hava şəraiti və avtomobillərin ön faralarının işıqlarının yanması səbəbindən nəqliyyat vasitələrinin konturları dəqiq müəyyən edilmir. Bu səbəbdən, həmçinin sol birinci zolaqla hərəkət edən nəqliyyat vasitəsinin sol ikinci zolaqla hərəkət edən nəqliyyat vasitəsinin fonunda görünməməsi səbəbindən nəqliyyat vasitələrinin dəqiq hərəkət trayektoriyasını (Şəxs bildirdiyi ilk toqquşmanın baş verib-vermədiyini) materiala əlavə edilmiş videoyazıya baxış keçirməklə müəyyən etmək mümkün olmamışdır. Ona görə Suraxanı Rayon Məhkəməsi 30 mart 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək, ərazidə quraşdırılmış bütün videoqeydiyyat vasitələri ilə qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti həmin sorğuya cavab olaraq 20 aprel 2021-ci il tarixli məktubla bildirmişdir ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin bir aylıq saxlanılması müddəti bitdiyindən sözügedən hadisənin videogörüntüsünün təqdim edilməsi mümkün deyil. Beləliklə, hadisənin digər videoqeydiyyat qurğuları vasitəsilə qeydə alınmış görüntülərini işin məhkəmə baxışı zamanı əldə etmək mümkün olmamışdır. Göstərilənlər və işin digər faktik halları nəzərə alınaraq 27 aprel 2021-ci il tarixli qərardadla iş üzrə kompleks məhkəmə-fiziki-kimyəvi ekspertizası, videoyazıların məhkəmə ekspertizası və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yolun sol tərəfdən birinci zolağı ilə hərəkət edən “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ künc hissəsi və ya hər hansı başqa bir hissəsi ilə özündən bir qədər irəlidə, sol tərəfdən ikinci zolaqla hərəkət edən “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq arxa sol yan hissəsindən və ya hər hansı başqa bir hissəsindən vurması halı iş materiallarına əlavə edilmiş videodiskə baxdıqda müşahidə olunurmu?
2. “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsində olan zədədə (avtomobilin müvafiq hissəsinin görünüşünü əks etdirən fotoşəkil iş materiallarına əlavə edilib) başqa avtomobilə aid boya izi müşahidə olunurmu?
3. Yuxarıda göstərilən suallar üzrə ekspertiza tədqiqatlarının nəticələri də nəzərə alınmaqla “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halının olub-olmadığı, habelə əgər “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobillə “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobil arasında Şəxs izahatında təsvir olunmuş ilkin toqquşma baş vermişdisə, bu toqquşmanın qəzanın sonrakı mərhələlərinin baş verməsinə səbəb olub-olmadığı müəyyən edilsin. Yuxarıda göstərilən birinci sualla bağlı 14 iyun 2021-ci il tarixli 6/1970-8/1066-4/664 nömrəli ekspert rəyində qeyd olunur ki, «Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı diskdə qeydə alınmış təkrar videoyazının piksel sıxlığının (Width: 720 pixels, Height: 576 pixels) az olması və hadisənin baş verdiyi ərazinin ilkin yazma qurğusundan uzaq məsafədə olması hadisə iştirakçısı olan NV-lərinin konturlarının dəqiq müəyyən olunmasına imkan vermir. Həmçinin, sol tərəfdən birinci zolaqda hərəkət edən avtomobilin – “Renault Megane” markalı minik avtomobili sol ikinci zolaqda hərəkət edən – “Chery A13” markalı minik avtomobilinin fonunda görünmədiyindən “Chery A13” markalı minik avtomobilinin hansı səbəbdən sol birinci zolağa tərəf istiqamətləndiyini müəyyən etmək mümkün olmadı». Beləliklə, iş materiallarına əlavə edilmiş kompakt disklə hadisənin baş verməsinin dəqiq mexanizmini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, hadisənin digər videoqeydiyyat vasitələri ilə qeydə alınmış görüntülərini də əldə etmək mümkün olmayıb. Göstərilənlərlə yanaşı qeyd olunur ki, videoyazıların məhkəmə ekspertizasının (kompüter-texniki ekspertizanın) araşdırma obyekti olmuş birinci sual 14 iyun 2021-ci il tarixli 6/1970-8/1066-4/664 nömrəli ekspert rəyində cavablandırıldığına baxmayaraq, həmin ekspertiza tədqiqatı zamanı ikinci sual üzrə zəruri tədqiqat aparılmamış, üçüncü sual isə natamam cavablandırılmışdır. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-fiziki-kimyəvi ekspertizası və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertlər qarşısında təkrar olaraq aşağıdakı suallar qoyulmuşdur:
1. “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsində olan zədədə (avtomobilin müvafiq hissəsinin görünüşünü əks etdirən fotoşəkil iş materiallarına əlavə edilib) başqa avtomobilə aid boya izi müşahidə olunurmu?
2. Yuxarıda göstərilən sual üzrə ekspertiza tədqiqatının nəticəsi, həmçinin 14 iyun 2021-ci il tarixli 6/1970-8/1066-4/664 nömrəli ekspert rəyində videoyazıların məhkəmə ekspertizası üzrə ekspertin (Əbil Zeynalov) gəldiyi nəticə nəzərə alınmaqla “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halının olub-olmadığı, habelə əgər “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobillə “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobil arasında Şəxs izahatında təsvir olunmuş ilkin toqquşma baş vermişdisə, bu toqquşmanın qəzanın sonrakı mərhələlərinin baş verməsinə səbəb olub-olmadığı müəyyən edilsin. Bununla əlaqədar 03 avqust 2021-ci ildə verilmiş 8/1066-6/3097 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. Tədqiqata təqdim edilmiş, “Chery A13” minik markalı, 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapı, arxa sol qapıda, arxa sol qanadda bir qatlı tünd boz rəngli sürtünmə şəklində izlər aşkar edildi. Həmin sürtünmə şəklində olan maddə izləri avtonəqliyyata məxsus lak-boya maddələrinə məxsusdur. Həmin tünd boz rəngli sürtünmə izləri emal qatın üzərində örtükşəkilli təbəqə əmələ gətirmiş və emal qatdan asanlıqla ayrılır. Bu əlamət həmin avtonəqliyyatın qarşılıqlı təmas nəticəsində gələn kənar avtonəqliyyata aid boya sürtünməsi hissəcikləri olduğunu göstərir. İ variant: Chery A13 markalı avtomobilin soldan 2-ci zolaqdan sola istiqamətlənməsi şəraitində toqquşmanın baş verməsi: 2a. Chery A13 markalı, 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Renault Megane markalı, 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. İİ variant: Chery A13 markalı avtomobil düzünə hərəkətdə olması şəraitində arxada gələn Renault Megane markalı avtomobillə toqquşmanın baş verməsi: Chery A13 markalı, 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Renault Megane markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2b. Toqquşmadan sonra nəqliyyat vasitələrinin hərəkətləri sürücülərin öz psixofizioloji xüsusiyyətlərindən asılı olduğundan hər iki şəraitdə toqquşmadan sonra avtomobillərin sola doğru istiqamətlənərək ayrıcı zolağın metal konstruksiyasını vurmasını istisna edilmir». Beləliklə, ekspertiza tədqiqatı zamanı Şəxs hadisə vaxtı idarə etdiyi “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qapısında, arxa sol qapısında və arxa sol qanadında başqa nəqliyyat vasitəsinə aid tünd boz rəngli lak-boya izləri aşkar edilmişdir ki, bu izlər avtomobillərin qarşılıqlı təması (toqquşması) nəticəsində əmələ gəlmişlər. Məhkəmə vurğulayır ki, həmin izlər “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin tək Şəxs bildirdiyi hissəsində (buferin arxa sol yan hissəsi (və ya arxa sol qanadı)) deyil, həmçinin ön sol qapısında və arxa sol qapısında aşkar edilib. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, digər nəqliyyat vasitəsi “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin tək buferinin arxa sol yan hissəsi (və ya arxa sol qanadı) ilə deyil, həmçinin ön sol qapısı və arxa sol qapısı ilə bilavasitə təmasda olub (toqquşub). İşin faktik hallarını, o cümlədən iş materiallarına əlavə edilmiş kompakt diskdəki videoyazıda hadisənin baş verməsi mexanizminin qeyri-dəqiq göründüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, nəqliyyat vasitələri arasında təmaslar (toqquşmalar) həm Şəxs bildirdiyi şəraitdə, həm də inzibati xəta haqqında protokolda və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 25 noyabr 2020-ci il tarixli qərarında təsvir olunmuş şəraitdə əmələ gələ bilərdilər. 03 avqust 2021-ci il tarixli 8/1066-6/3097 nömrəli ekspert rəyindən həmçinin görünür ki, əgər hadisə Şəxs bildirdiyi şəraitdə baş vermişdirsə, onda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri Şəxs tərəfindən deyil, “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 tərəfindən pozulmuşdur. Və əksinə, əgər hadisə inzibati xəta haqqında protokolda və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 25 noyabr 2020-ci il tarixli qərarında təsvir olunmuş şəraitdə baş vermişdirsə, onda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri Şəxs tərəfindən pozulmuşdur. Yuxarıda təsvir olunanlardan və işin digər faktik hallarından görünür ki, hadisənin Şəxs bildirdiyi şəraitdə və ya inzibati xəta haqqında protokolda və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 25 noyabr 2020-ci il tarixli qərarında təsvir olunmuş şəraitdə baş verməsi halını mövcud vəziyyətdə dəqiq müəyyən etmək mümkün deyil. Bu isə Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması halını əsaslı şübhə altına alır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan 8-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması halı mövcud şəraitdə sübuta yetirilmiş sayıla bilməz. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxsin həmin Məcəllənin 327.1 – 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulan xətaları törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş olsun. Burada zərərçəkmiş şəxs dedikdə, müvafiq inzibati xətanı törətmiş şəxsin əməli nəticəsində sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş digər şəxs nəzərdə tutulur. İşin faktik hallarından, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 25 noyabr 2020-ci il tarixli qərarının məzmunundan görünür ki, hadisə zamanı “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 bədən xəsarəti almamış, həmin avtomobilin sərnişini X6 və “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X1 zərərvurma kimi qiymətləndirilməyən və dərəcələri təyin edilməyən xəsarətlər almışlar. Hadisə vaxtı yalnız “Chery A13” minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarət almışdır. Şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hazırkı iş üzrə eyni vaxtda həm zərərçəkmiş şəxs, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs statusunda ola bilməz. Yəni hər bir halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Qeyd olunanları, o cümlədən 21 dekabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin 25 noyabr 2020-ci il tarixli qərarında təsvir olunmuş əməlin mötəbər sübutlarla təsdiqlənmədiyini, habelə yol-nəqliyyat hadisəsi zamanı Şəxs başqa heç bir şəxsin sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarət almadığını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ona istinad edilən inzibati xətanın tərkibinin mövcud olması halı müəyyən edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Həmin Məcəllənin 55.2-ci maddəsinin tələbinə görə «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir…». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Ceyhun Qədimov