Məhkəmə qərarları › İş №3(010)-645/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-645/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-645/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X5 iştirakı ilə, Şəxs, xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 1 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 110 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə əsasən ondan 06 yanvar 2008-ci il təvəllüdlü X1 və 01 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tələbkar X6 xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır, heç vaxt icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdir. "xxxx" supermarketində işlədiyi müddət ərzində hər ay əmək haqqından aliment tutularaq X5 xeyrinə ödənilmişdir. Lakin hazırda heç yerdə işləmədiyindən aliment ödəyə bilməmişdir. Bu səbəbdən də 1.220 manat aliment borcu yaranmışdır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi 13 yanvar 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. Borclu Şəxs tərəfindən aliment borcu könüllü ödənilmədiyində 30 yanavr 2020-ci il tarixdə borc onun əmək haqqına yönəldilmiş və borclunun əmək haqqından işlədiyi müddətdə tələbkarın xeyrinə 5.280 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İcra sənədi üzrə borclu Şəxs 27 aprel 2021-ci il tarixə tələbkar X6 1.220 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmiş, bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 göstərdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə əsasən Şəxs 06 yanvar 2008-ci il təvəllüdlü X1 və 01 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tələbkar X6 xeyrinə tutulmuşdur. Əvvəllər hər ay borclunun əmək haqqından aliment tutularaq onun xeyrinə ödənilmişdir. Lakin borclu sonradan heç yerə işləmədiyini əsas gətirərək aliment ödəməmişdir. Hazırda borclunun aliment borcu 1.220 manat təşkil edir. O, həmin məbləğin bir dəfəlik ödənilməsini tələb edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 06 yanvar 2008-ci il təvəllüdlü X1 və 01 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tələbkar X6 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 13 yanvar 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)- 2673/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin dərhal könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Azərbaijan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2020-ci ilin yanvar-iyul ayları üzrə əmək haqqından hər ay 440 manat olmaqla ümumilikdə 3.080 manat məbləğində pul vəsaiti tutularaq X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon filialındakı hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Azərbaijan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Şəxs noyabr və dekabr ayları üzrə əmək haqqından müvafiq olaraq noyabr ayında 375 manat 20 qəpik və dekabr ayında 387 manat 93 qəpik olmaqla ümumilikdə 763 manat 13 qəpik məbləğində vəsait tutularaq X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon filialındakı hesabına köçürülmüşdür. 27 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs aliment borcu 1.220 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanmış Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2020-ci il üzrə əmək haqqından ümumilikdə 3.843 manat 13 qəpik məbləğində vəsaitin X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon filialındakı hesabına köçürüldüyünü nəzərə alaraq hesab edir ki, Şəxs əvvəl icra sənədini icra etdiyi halda, sonradan işsiz olduğuna görə təxminən 03 ay ərzində icra sənədi üzrə ödəniş edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(003)-2673/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar