Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-654/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğvinə dair X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərarın ləğvinə dair şikayət verilib. Şikayətin məzmunundan və 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müvafiq hadisənin Bakı şəhəri, H.Əliyev prospektində baş verdiyi qeyd olunduğuna baxmayaraq, həmin hadisənin H.Əliyev prospektinin konkret olaraq hansı hissəsində, başqa sözlə desək Bakı şəhərinin hansı rayonunun ərazisində baş verdiyi görünmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi yer və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. Qeyd olunur ki, şikayətə ona şikayətçinin qeydiyyatda olduğu yerdə baxılmasına dair vəsatət əlavə edilməyib. Bununla yanaşı, hadisənin baş verdiyi konkret ərazi təqdim olunmuş sənədlərlə müəyyən edilmədiyinə görə şikayətə Bakı şəhərinin hansı rayonunun məhkəməsində baxılmalı olduğunu da müəyyən etmək olmur. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-654/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-654/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver