Məhkəmə qərarları › İş №3(010)-66/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-66/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-66/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, giriş 2 ev 79 mənzil 124-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 19, mənzil 33-də yaşayan, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 31-cu Polis Şöbəsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin DYP-nin inzibati binasının qarşısında videoçəkiliş edərək səs-küy salıb ictimai asayışı pozması və polis əməkdaşlarına tabesizlik etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdi Suraxanı rayon Yol Polisi şöbəsinə maşınını götürmək üçün yaxınlaşmışdır. O, bununla bağlı 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Onun avtomobili polis əməkdaşları tərəfindən İnzibati İdarənin yanında marketin yanında saxlamışlar. Bu səbəbdən həmin vaxt maşının saxlanıldığı yerdən videoçəkiliş etmişdir. Həmin çəkiliş zamanı ona polis əməkdaşları yaxınlaşmışdır ki, telefonundan çəkdiyi videonu silsinlər. Polis əməkdaşları tərəfindən onu təziqlər etdilər, maşının videoçəkilişini onun telefonundan silmişlər. Onun əməlində cinayət tərkibi yoxdur. Onun tərəfindən polis əməkdaşlarına heç bir təziq göstərilməmişdir. Özünü təqsirli hesab etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin DYP-nin inzibati binasının qarşısında videoçəkiliş edərək səs-küy salıb ictimai asayışı pozması və polis əməkdaşlarına tabesizlik etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı PPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru X3 ifadəsində göstərdi ki, sürücü avtomaşını ilə bağlı cərimə olunmuş və avtomaşını inzibati binanın qarşısında saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə inzibati binanın ətrafında insanların çox olmasına baxmayaraq, sürücü telefonu ilə videoçəkiliş edərək nəlayiq söyüşlər etmişdir. Bununla bağlı ona yaxınlaşanda polis əməkdaşlarına qarşı tabeçilik göstərməmiş və nalayiq söyüşlərlə təqhir etmişdir. Sürücünün avtomaşını DYP-nin inzibati binanın qarşısında saxlanılıb və kamera ilə nəzarətdə olmuşdur. Sürücü çəkiliş zamanı «allah bəlanızı versin». Polis əməkdaşı sürücünü çağırsa da, o, polisin çağırışına məhəl qoymayaraq aptekə doğru hərəkət etməyə başlamışdır. Sürücünün avtomaşını şöbənin ərazisində saxlaınlmışdır, market binanın arxa hissəsində 15-20 metr arası məsafədədir. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı PPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X1 ifadəsində göstərdi ki, sürücü avtomobili sürətlə idarə etdiyi üçün onun avtomobili saxlanılmışdır. Sürcünün sərxoş olmasından şübhələnib avtomaşını saxlanılmışdır. Müəyyən olunmuşdur ki, avtomobilin diskləri 20-lik olmuşdur. Sürücünün sürücülük vəsiqəsinin vaxtı bitmişdir, ona görə də sürücünün avtomaşınını şöbənin yanında şöbəyə aid olan hissədə saxlamışlar. həmin günün səhəri sürücü gəlib şöbənin qarşısında videoçəkiliş edərək səs-küy salmağa başlamışdır. Sürücü «allah bəlanızı versin, haqq-ədalət yerini tapacaq» deyirdi. Postpatrul maşını gəlib sürücünü 31-ci Polis Şöbəsinə aparmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportun məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13:00 radələrində bir nəfər şəxs Suraxanı rayon DYPŞ-nə yaxınlaşaraq videoçəkiliş apararaq səs-küy salıb nəlayiq ifadələr işlədərk, DYPŞ-nin əməkdaşlarına tabesizlik göstərdiyi üçün Suraxanı rayon Pİ-nin PPXBnin əməkdaşlarını ora dəvət etmişlər, 5663 çağrışlı avtopatrulla həmin şəxsi 31-ci PB-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq olunması kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. iş materiallarında olan xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 110, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin və məhkəmə zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar