Məhkəmə qərarları › İş №3(010)-662/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-662/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-662/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsinin vəzifəli şəxsinin 21 aprel 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsinin vəzifəli şəxsinin 21 aprel 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar 20 aprel 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 20.04.2021-ci il tarixində saat 13:30 radələrində vəzifəsini icra edərkən Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 327 nömrəli orta məktəbin yanı ilə tək hərəkət edərkən “Volksvaqen” minik markalı avtomobillə bir nəfər polis əməkdaşı və adını bilmədiyi bir nəfər mülki şəxs ona yaxınlaşaraq ondan soruşdular ki, o, kimdir və bu ərazidə nə gəzir. O, özünü “Azərsu” ASC-nin Suraxanı rayon Su kanal İdarəsinin əməkdaşı kimi təqdim etdi, polis baş leytenantı isə özünü Həsənov kimi təqdim etdi. Ona bildirdilər ki, tibbi maskadan düzgün istifadə etmir, o, da həmin şəxslərə tibbi maskadan düzgün istifadə etdiyini bildirdi. İki gündən sonra şübhələndi ki, birdən ona cərimə yazarlar. E-Manat sistemi vasitəsilə yoxladı və ona 100 manat cərimə yazıldığını gördü, tibbi maskadan düzgün istifadə etməyinə baxmayaraq onun barəsində EXP seriyalı ******* nömrəli 20.04.2021-ci il tarixli inzibati protokol tərtib olunmuşdur. EXP seriyalı ******* nömrəli protokolla bağlı EPQ seriyalı ******* nömrəli qərarı Daxili İşlər Nazirliyinin qaynar xəttinə (102) zəng etdikdən sonra 28.04.2021-ci il tarixdə 31-ci Polis Bölməsinə gedərək əldə etmişdir. Qeyd edir ki, barəsində yazılmış protokolda və qərarda cərimənin yazılma saatı tamamilə yanlış göstərilərək birinci dəfə ona təqdim olunan qərarda saat 09:21, 22.04.2021-ci il tarix göstərilmiş, o, şikayət etdikdən sonra ona təqdim olunan qərarda birincidən fərqli olaraq saat 00:21, 22.04.2021-ci il tarixi qeyd olunmuşdur. Hal bu ki, ona tərtib olunan qanunsuz protokol 22.04.2021-ci il saat 13:20 radələrində yazılmışdır. Ona təqdim olunan qərarların heç birində düzgün məlumatın əks olunmaması, iddia olunan karantin qaydalarının pozulması ilə bağlı foto şəkil və video görüntünün olmaması protokolun polis əməkdaşları tərəfindən qanunsuz tərtib olunduğunu deməyə əsas verir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X2 bildirir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskadan düzgün istifadə edib. Bu dəlilin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin bildirdiklərinin məhkəmə iclasında da araşdırılması mümkün olmayıb. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsinin vəzifəli şəxsinin 21 aprel 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis idarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar