Məhkəmə qərarları › İş №3(010)-663/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-663/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-663/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, 29 avqust 1978-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanından digər cavabdehlər X3 və X7 ilə birlikdə çıxarılmaları qət edilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar 05 aprel 2022-ci il tarixdə icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində olmuş, izahatı alınaraq icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyəti barədə xəbərdar edilsə də, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilməmişdir. Hazırda məhkəmə iclasında ona məlum olmuşdur ki, icraata başlamaq haqqında qərarla icranın könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin icra məmuru həmin müddəti gözləmədən onun barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Belə olan halda onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi qanuna ziddir. Buna görə də Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, məhkəməsinin 2(010)-1317/19 saylı, 26.04.2019cu il tarixli icra sənədinə əsasən borclular Şəxs, X3 və X7 Bakı şəhəri, ünvan 3 ünvanından çıxarılmalıdır. Sözügedən icra sənədi 10.02.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və bu barədə iş üzrə borclulara tələbin könüllü icrası barədə bildiriş də təqdim edilmişdir. Lakin bugünədək icra sənədinin icrası təmin edilməmişdir. Bundan sonra borclular 05.04.2022-ci il tarixdə şöbəyə dəvət edilmiş və onlardan bu barədə izahat alınmış, lakin onlar icra sənədinin icra etməkdən imtina etmişlər.Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Şəxs, X3 və X5 çıxarılmaları qət edilmişdir. Lakin borclu müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasında qərəzli olaraq yayınır. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanından cavabdehlər Şəxs, X3 və X5 çıxarılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)- 1317/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli icra sənədinin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra icra məmuru tərəfindən 10 fevral 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunduğu, lakin həmin qərarın və tələbin könüllü icrası haqqında bildirişin rəsmi olaraq icra sənədi üzrə borcluya təqdim edilmədən sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokolun tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında 10 fevral 2022-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişin borclu Şəxs rəsmi olaraq təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(010)-1317/2019 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar