Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-664/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar Məhərrəmova (Babayeva) Eyzangül Asif qızının iştirakı ilə, Şəxs, xx xxxx 1969-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 nömrəli evin 126 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)- 2164/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə əsasən 28 mart 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment tələbkar Məhərrəmova (Babayeva) Eyzangül Asif qızının xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır, heç vaxt icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq heç yerdə işləmədiyindən və anası xəstə olduğundan ayda 308 manat aliment ödəyə bilməmişdir. Hər ay icra sənədi mütəmadi olaraq 100-150 manat ödənişlər etsə də. Bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə onun 6.396 manat aliment borcu yaranmışdır. Hazırda maddi imkanı ilə əlaqədar olaraq yaranmış aliment borcunu birdədəlik ödəmək iqtidarında deyil. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etsə də, lakin bu icra sənədinin cirasına yetərli olmamış və nəticədə onun 6.396 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Məhərrəmova (Babayeva) Eyzangül Asif qızı göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə əsasən 28 mart 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Borclu hər ay 308 manat aliment ödəməkdə çətinlik çəkdiyinə görə onlar öz aralarında hər ay 200 manat məbləğində ödənilməsi barədə razılığa gəlmişlər. Borclu əvvəllər mütəmadi ödənişlər etsə də, sonrada heç bir ödəniş etməmişdir. Hazırda borclunun ona 6.396 manat aliment borcu var və həmin məbləğin bir dəfəlik ödənilməsini tələb edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 28 mart 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər bir uşağa görə 154 manat olmaqla sabit pul məbləğində aliment tələbkar Məhərrəmova (Babayeva) Eyzangül Asif qızının xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 iyul 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 13 iyul 2018-ci il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Həmin bildiriş Şəxs 27 iyul 2018-ci il tarixdə şəxsən təqdim edilmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmiş dir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs cəmi 308 manat sabit pul məbləğində aliment Məhərrəmova (Babayeva) Eyzangül Asif qızının xeyrinə tutulmuş, həmin cira sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış və borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuşdur. Borclu mütəmadi olaraq icra sənədi üzrə 100-150 manat ödəniş etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə borclunun 6.396 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyi halda, maddi imkansızlıq ucbatından icra sənədini tam olaraq icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(010)-2164/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-664/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-664/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver