Məhkəmə qərarları › İş №3(010)-668/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-668/2021

01.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-668/2021 01.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 33-cü polis şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 30.04.2021-ci il tarixdə, saat 15:30 radələrində narkotik vasitə əldə edib, saxlamaqda və istifadə etməkdə şübhəli bilinən 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23, mənzil 39-da qeydiyyatda olan və yaşayan Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s, Ballı marketin qarşısında saxlanılmış və Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət olunmuşdur. 30.04.2021-ci il tarixdə, saat 15:50-də Şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, həmin tarixdə saat 16:00-da Suraxanı RPİ-nin 33-cü PB-də vəkilin iştirakı ilə Şəxs üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində ot şəkilli, rənginə və spesfik iyinə görə narkotik maddə marixuanaya oxşar kütlə olan 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Şəxs aşkar edilərək götülürmüş içərisində ot şəkilli, rənginə və spesfik iyinə görə narkotik maddə marixuanaya oxşar kütlə olan 01 ədəd büküm məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərilmişdir. MEM-nin 01.05.2021-ci il tarixli 7/411 saylı ekspert rəyi ilə Şəxs üzərindən aşkar edilmiş 01ədəd bükümdə olan maddə 1,438 qram çəkidə narkotik maddə olan marixuana olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 33-cü polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin məsələni araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qanun pozuntuları ilə tərtib olunub. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir». Şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin həlli müvafiq həkim müayinəsinin nəticələri üzrə verilən rəy əsasında mümkündür. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən keçirilməsi araşdırmanı aparmış vəzifəli şəxs tərəfindən təşkil olunmalı və müvafiq həkim rəyi inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlərlə birlikdə məhkəməyə təqdim edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən «Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517- 1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər». Təqdim olunmuş materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq tibbi müayinədən keçirilməmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığına dair tibbi rəy alınmamışdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərinə zidd olaraq hal şahidlərinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə qaytarılsın. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar