Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-674/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi 17 yanvar 2024-cü ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək 300 manat miqdarında cərimə etmişdir. Zərərçəkmiş şəxs X3 həmin qərardan şikayət verib. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona çoxsaylı şikayətlərindən sonra rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qərar tamamilə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməli və işə məhkəmədə baxılmaqla X4 barəsində ağır inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, xx.xx.2023-cü il səhər saat 07-08:00 radələrində qardaşı oğlu X4 uca səslə böyüklərini söyməklə yaşadığı ünvana gəlmiş və qapını döyərək açmağını tələb etmişdir. O, qapını açdıqda X4 əlində kvalt alətlə üstünə hücum edərək kvaltla kəllə nahiyəsindən vurmuş, bundan sonra bədəninin müxtəlif yerlərinə də xəsarətlər yetirməklə onu boğmağa başlamışdır. O, güclə canını N.Hüseynovun əlindən qurtarmışdır. Lakin başına vurduğu zərbə nəticəsində kəllə nahiyəsi zədələnmiş və qan axmışdır. Xəsarətlər nəticəsində bədəninin də müxtəlif yerlərində xəsarət izləri yaranmışdır. Şikayəti əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Akşın Vəliyev araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarla razılaşmadığından qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təhqiqatçı Akşın Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Dəfələrlə müraciətindən sonra, təhqiqatçı Akşın Vəliyev şikayətinə yenidən baxmış və ona yetirilən xəsarətlərin dərəcəsi təyin edilmədiyinə görə cinayət işinin başlanmasını rədd etmiş, materialı inzibati məsuliyyətin tətbiq olunması üçün aidiyyəti üzrə göndərmişdir. Lakin material aidiyyəti üzrə polis əməkdaşına təqdim edilsə də, onun tərəfindən heç bir qanunauyğun tədbir görülməmişdir. Dəfələrlə müraciət və şikayətlərindən sonra polis əməkdaşı ona X4 barəsində cərimə tətbiq edəcəyini bildirmişdir. O, isə polis əməkdaşından bu işin inzibati protokol tərtib edərək məhkəməyə göndərməsini tələb etsə də, çoxsaylı şikayətlərindən sonra xx.xx.2024-cü ildə ona MN ******* saylı qərar təqdim edilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31 -ci polis bölməsi AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xətaya məhkəmədə baxılmalı olduğu halda, öz səlahiyyətlərini aşaraq, özü inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Ümumiyyətlə, 31-ci PB-si əvvəldən X2 maraqlarını qorumuş, haqlı şikayətlərini nəzərə almamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 1 7.01.2024-cü il tarixli qərarını ləğv edilməsini və X4 barəsində inzibati həbs tətbiq olunmasını xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı Akşin Vəliyev tərəfindən 24 dekabr 2023-cü ildə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarın surətindən görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, fakta görə toplanmış materialda Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olduğundan göstərilən maddənin tələblərinə əsasən inzibati icraat açılması məsələsinin həlli üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 6(010)-25/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarı ilə şikayət təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2023-cü il tarixli qərarı qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək 300 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini məhkəməyə göndərməmiş, sübutları məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilməsinə dair 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-674/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-674/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver