Məhkəmə qərarları › İş №3(010)-681/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-681/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-681/2020 08.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x3 iştirakı ilə, Şəxs xx xxxx 1987-ci ildə Qax şəhər, Qum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işləməyən, boşanmış, bir azyaşlı uşağı olan, Qax şəhər, Qum kəndində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 08 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)-1052/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)-1052/2018 nömrəli qətnaməsinə əsasən ondan 28 noyabr 2017-ci il tarixdən başlayaraq 20 iyun 2017-cı ildə anadan olmuş x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 sabit pul məbləğində aliment və 3 yaşına çatana kimi ananın saxlanılması üçün 50 manat aliment x1 xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır, mövcud vəziyyətlə əlaqədar olaraq işləmədiyini, köhnə borcundan sonra 1500 manat ödədiyini, səhhəti ilə əlaqədar işliyə bilmədiyini, sonra işlədiyini, bu yaxınlarda-10 gün əvvəl 150 AZN ödədiyini, qalan ödənişlərinin də etməli olduğunu və bu gün 500 manat ödəyə biləcəyini bildirmişdir. Şəxs həmçinin bildirdi ki, bundan sonra icra sənədi üzrə hər ay stabil ödəniş edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru x6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir.İcra sənədinin icrası ilə əlaqədar borclu müvafiq olaraq 21 avqust 2019-cu il tarixdə, 22 iyul 2019-cu il tarixdə, 08 iyul 2020-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış, borclu izahatlarında işsiz olduğundan aliment borcunu ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. 08 iyul 2020-ci il tarixə Şəxs 2043 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsib və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30aprel 2018-ci il tarixli, 2(010)-1052/2018 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 28 noyabr 2017-ci il tarixdən başlayaraq 20.06.2017-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 154 manat sabit pul məbləğində aliment olmaqla və uşağın 3 yaşına çatana kimi ananın saxlanılması üçün 50 manat aliment x1 xeyrinə tutulmuşdur. 08 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)- 1052/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs aliment borcu 2043 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcundan icra sənədi üzrə tələbkar x2 500 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)-1835/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış aliment borcundan icra sənədi üzrə tələbkar x1 xeyrinə 500 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)-1052/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar