Məhkəmə qərarları › İş №3(010)-683/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-683/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-683/2020 09.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun ləğvi ilə bağlı x1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin sahə inspektoru tərəfindən x3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. x3 həmin protokolun ləğvinə dair şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, qərardan verilir. Şikayətçi məhkəməyə yalnız 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətini təqdim edib. Azərbaycan Respublikası İXM-nin 124.3 və 124.5-ci maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir», «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəliinzibati xəta haqqında protokolun məzmunundan görünür ki, x3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığına görə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin sahə inspektoru Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan müddəalarına uyğun hərəkət etmiş, yəni həmin anda qərar qəbul etməmişdir. Məsələ ilə bağlı qəbul olunmuş qərar isə məhkəməyə təqdim edilməyib. Ona görə də qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Həmçinin əgər müvafiq qərar mövcuddursa, onun tarixi, onu qəbul etmiş şəxsin vəzifəsi və adı və s. əhəmiyyətli məlumatlar şikayətçinin təqdim etdiyi sənədlərdən görünmür. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, həmçinin mübahisələndirilən qərar təqdim edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil. Ona görə də şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x2 01 iyul 2020-ci il tarixli MN seriyalı ******* nömrəliinzibati xəta haqqında protokolun ləğvi ilə bağlı şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar