Məhkəmə qərarları › İş №3(010)-698/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-698/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-698/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, X8 oğlunun katibliyi ilə, Şəxs Xeyrulla oğlunun, xx xxx 2002-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 26 nömrəli evdə qeydiyyatda olan, barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Xeyrulla oğlu, xx xxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində beynəlxalq sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-2121 Niva” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri Ə.Nərimanov küçəsi ilə şəhərin aşağı hissəsi istiqamətində saatda 50-60 km sürətlə hərəkət edərkən, həmin küçənin Azərbaycan küçəsi ilə kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 59.1ci maddəsinin tələblərini pozaraq, yəni işıqforun qırmızı işığında keçməklə Quba-Təngəaltı yolu ilə hərəkətdə olan X2 idarə etdiyi “VAZ-21144” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə X1 baş beyin silkələnməsi və burun qanaxması ilə müşayiət olunan üst dodaqda selikli qişada əzilmiş-cırılmış yara, başın təpə nahiyyəsində səthi əzilmiş yara, sifətində solda sıyrıq kimi, yəni dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. İnzibati xətanın törədildiyi vaxt Şəxs yetkinlik yaşına çatmadığından onun barəsində tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinə əsasən Şəxs yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xeyrulla oğlu vəsatətlə məhkəməyə müraciət edərək inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi xx xxxx 2020-ci il tarixdə baş vermiş, xx xxxx 2020-ci il tarixdə Quba rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 qərarı ilə Şəxs Xeyrulla oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın sürəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə inzibati tədbir görülməsi məqsədilə Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilmiş, həmin bölmənin yol patrul xidməti inspektoru X7 xx xxxxx 2020-ci il tarixdə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmiş və xx xxxx 2020-ci il tarixli məktubla həmin protokol və ona əlavə edilmiş materiallar Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 03 ay 10 gündən sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş, bununla da Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olduğu zaman sonuncunun inzibati məsuliyyətə cəlb etmə müddətindən artıq 10 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Xeyrulla oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8 və 332.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. ZA seriyalı, 56591837 saylı beynəlxalq sürücülük vəsiqəsi Şəxs Xeyrulla oğluna qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar