Məhkəmə qərarları › İş №3(010)-7/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-7/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-7/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2085/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Eybalayeva Aytən Böyükağa qızının xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulmalıdır. Müvafiq inzibati xəta haqqında işə xx xxxx 2019-cu ildə baxılmağa bağlanmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti ilə məhkəmə iclası xx xxxxxx 2019-cu il tarixinə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məhkəmə iclasına iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəxs Suraxanı Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Lakin Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı icra edilməyərək Şəxs gətirilməsi təmin edilməmişdir. Məhkəmə icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol xx xxxx 2019-cu il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.4-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır», «İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın davam edən inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Şəxs barəsində xx xxxx 2019-cu il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi gündən hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən bir ildən çox müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar