Məhkəmə qərarları › İş №3(010)-7/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-7/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-7/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs və vəkil X4 iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Suraxanı rayon Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsinin 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsinin 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Qərardan görünür ki, X6 20 oktyabr 2021-ci ildə saat 00.40-da «Shacman SX3314DT366» yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobili Əmircan qəsəbəsi ərazisində idarə edərkən müvafiq yol hərəkəti qaydasını pozmuşdur. Həmin qərar 20 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. X6 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayət verərək onun ləğv olunmasına, «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs da məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X3 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verildiyinə baxmayaraq, gəlməmişdir. O, öz yazılı şikayətində bildirir ki, 20 oktyabr 2021-ci ildə saat 00:40-da «Shacman SX3314DT366» yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən 87 saylı orta məktəbin həyətindən asfalt yola çıxaraq saatda 5 – 10 km sürətlə sağa dönməyə başlamışdır. Lakin avtomobilin qabarit uzunluğu 13 metr olduğu üçün sağ hərəkət zolağından dönə bilməmiş, bu səbəbdən avtomobilin qabaq sağ tərəfini sol hərəkət zolağına çıxarmaqla sağa istiqamətlənmişdir. Yola düzəldikdən sonra arxadan həmin istiqamətdə saatda 40 km sürətlə hərəkət edən və Zərərçəkmiş şəxs tərəfindən idarə olunan «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobil sürəti azaltmadan «Shacman SX3314DT366» yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobili sağ yan tərəfdən keçməyə cəhd etmiş, bu zaman «Shacman SX3314DT366» yük markalı avtomobilinin qabaq sağ yan tərəfi ilə «Mitsubishi Mirage» minik markalı avtomobilin qabaq sol yan tərəfi arasında toqquşma baş vermişdir. Şikayətçi hesab edir ki, yolnəqliyyat hadisəsi həm onun, həm də «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təqsiri üzündən baş verib və onlar eyni dərəcədə təqsirkardırlar. Bunu polis əməkdaşlarına bildirdiyinə baxmayaraq, inzibati məsuliyyətə yalnız o (şikayətçi), cəlb edilib. Ona görə də ekspertə müraciət olunmuşdur. Ekspert tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilib ki, «Shacman SX3314DT366» yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda «ekspert rəyi» ilə müəyyən olunur ki, «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X6 yuxarıda qeyd olunanları və şikayətində göstərilən digər dəlilləri əsas gətirərək Suraxanı rayon Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsinin 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını, «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs da məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 20 oktyabr 2021-ci ildə saat 00.40-da idarə etdiyi “Mitsubishi Mirage” minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində əsas yolla hərəkət edərkən 87 nömrəli orta məktəbin qarşısında yolun sağ tərəfində yerləşən tikinti sahəsindən “Shacman SX3314DT366“ yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil əsas yola çıxıb sağa dönmüşdür. Həmin avtomobil uzun olduğundan sağa dönməni başa çatdıra bilmək üçün yolun soluna çıxmış, bu zaman o, yolun sağ tərəfinin boş olduğunu görüb idarə etdiyi «Mitsubishi Mirage» minik markalı avtomobillə hərəkətini davam etmişdir. Lakin “Shacman SX3314DT366“ yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun sərbəst keçib-getməsinə imkan verməmiş və avtomobilini sağa, yəni onun (Zərərçəkmiş şəxs) hərəkət etdiyi zolağa doğru istiqamətləndirmişdir. Nəticədə “Shacman SX3314DT366” yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq tərəfi “Mitsubishi Mirage” minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, toqquşma nəticəsində “Mitsubishi Mirage” minik markalı avtomobil səkiyə çıxmış, həm sağ, həm də sol tərəfi əzilmiş, nəticədə ona xeyli miqdarda ziyan vurulmuşdur. Hadisədən sonra Suraxanı rayon Dövlət yol polisi şöbəsinin YNH üzrə inspektoru hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirərək “Shacman SX3314DT366“ yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin tikinti sahəsindən çıxdığını, əsas yola çıxarkən onun idarə etdiyi avtomobilə yol verməli olduğunu və manevretmə zamanı «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda bunu etməyərək yol-nəqliyyat hadisəsinə səbəb olduğunu müəyyən edərək X6 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qanuni və əsaslıdır. Hazırkı şikayət isə “Shacman SX3314DT366” yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısının «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanı qarşılamaqdan boyun qaçırmaq məqsədini güdür. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 müdafiəçisi qismində çıxış edən Vəkil vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" ASCnin Sığorta hadisələrinin araşdırılması departamentinin müraciətinə əsasən «ekspert rəyi» vermiş X1 məhkəmədə dindirilməsini xahiş etmişdir. Məhkəmə X1 məhkəmə iclasında mütəxəssis qismində dindirilməsini mümkün saymışdır. O, iş materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli «ekspert rəyində» göstərilənlərə uyğun məzmunlu izahat verərək "xxxx" ASC-nin Sığorta hadisələrinin araşdırılması departamentinin müraciətinə əsasən hadisə ilə əlaqədar özəl ekspertiza tədqiqatı apardığını bildirmişdir. Tədqiqat nəticəsində belə qənaətə gəlib ki, “Shacman SX3314DT366” yük markalı 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda hesab edir ki, hadisə vaxtı «Mitsubishi Mirage» minik markalı 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, yol nəqliyyat qəzası hər iki sürücünün təqsiri üzündən baş verib. İzahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Məsələ ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, X5 özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması üçün tələb olunan şəhadətnamə almamış, Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməmişdir. Göstərilənləri, habelə «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X5 tərəfindən təqdim edilmiş 28 oktyabr 2021-ci il tarixli rəy rəsmi ekspertiza fəaliyyəti çərçivəsində verilmiş ekspert rəyi kimi qiymətləndirilə bilməz. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmin rəyin başqa əsaslarla da iş üzrə mötəbər sübut kimi qəbul edilməsini mümkün saymır. Qeyd olunur ki, Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Bununla əlaqədar 10 fevral 2022-ci ildə verilmiş 8/3353 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Shacman SX3314DT366 markalı, 99HU154 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Mitsubishi Mirage markalı, 99RX205 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir». Beləliklə, işin məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusu ilə X2 hadisə vaxtı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etmədiyi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunur. X2 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi halı onun özü və müdafiəçisi də mübahisələndirmir və inkar olunmur. Zərərçəkmiş şəxs təqsiri ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, onun yol-nəqliyyat qəzasının baş verməsində təqsirli olması halı işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 100-cü, 115-ci maddələrinin və s. aidiyyəti müddəalarının mənasına görə inzibati xəta haqqında protokol hər bir təqsirli şəxs barəsində ayrıca tərtib edilir, həmçinin təqsirli şəxs inzibati məsuliyyətə ayrıca qərarla cəlb olunur. Bu eyni bir inzibati xətanın baş verməsində iki və ya daha çox şəxsin təqsirli olması hallarına da aiddir. Bu səbəbdən Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat qəzasında təqsirli olması halı müəyyən edilsə belə, bu 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, həmin qərar qanunvericiliyin tələbinə uyğun olaraq X6 barəsində ayrıca verilmişdir (yuxarıda göstərildiyi kimi, şikayətçi və onun müdafiəçisi də X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olduğunu mübahisələndirmirlər). Göstərilənlərə əsasən 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğvi üçün heç bir qanuni əsas yoxdur. Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat qəzasında təqsirli olması qanuni vasitələrlə müəyyən ediləcəyi təqdirdə isə, barəsində inzibati tənbeh vermə haqqında ayrıca qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Həmin Məcəllənin 55.2-ci maddəsinin tələbinə görə «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir…». Göstərilənlərə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Suraxanı rayon Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsinin 20 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə bağlı şikayəti təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar