Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-711/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məsur oğlunun, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi, vəkili Nümayəndə iştirakı ilə Şəxs Məsur oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 16 may 2021-ci ildə Şəxs Məsur oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi» göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilən tələbinə zidd olaraq MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Məsur oğlunun fərdi identifikasiya nömrəsi göstərilməyib. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Ona görə də inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. İcra məmuru isə inzibati xətalar qanunvericiliyinin tələbinə zidd olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədildiyi yerin, vaxtın və bu xətanın mahiyyətinin təsviri üçün nəzərdə tutulan bölməsinə yalnız Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4074/2021 nömrəli icra vərəqəsinin tələbini köçürmüş, həmin bölmədə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə faktik olaraq heç bir məlumat əks etdirməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol İXM-nin 100.1.4-cü maddəsinə də ziddir. Göstərilənlərlə yanaşı məhkəmə Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq qeyd edir ki, inzibati xətalara dair işlər üzrə icraatda şəxsin təqsirinin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Təqdim olunmuş materialı nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmuru məhkəməyədək icraat dövrünə aid olan sübutetmə vəzifəsini icra etməyib. Belə ki, inzibati xəta haqqında protokola yalnız icra vərəqəsinin, icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin, Şəxs Məsur oğlunun 16 may 2021-ci il tarixli izahatının (bu izahatın məzmunundan Şəxs özünü təqsirli bilmədiyi və müdafiəsi üçün dəlillər gətirdiyi görünür) surətləri əlavə olunur. İnzibati xəta haqqında protokola heç bir digər sənəd və ya başqa sübut növü əlavə edilməyib. İşi baxılmağa hazırlanması zamanı tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs Məsur oğlunun təqsirini təsdiq edən sübutlar, o cümlədən aktlar mövcuddur. Şəxs Məsur oğlu isə bildirir ki, əvvəllər tələbkarın uşaqlarla görüşməsini dəfələrlə təşkil etmiş, tələbkara istənilən vaxt uşaqlarla görüşə biləcəyinə dair «WhatsApp» sosial şəbəkəsi vasitəsilə təkliflər vermişdir. O, həmçinin bildirir ki, tələbkar uşaqlarla görüşdükdən sonra onları qaçırmağa cəhd göstərmiş, tələbkarın həmin hərəkətləri ilə bağlı polis orqanlarına müraciətlər edilmişdir. Hazırda da hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Göstərilənlərlə yanaşı, tələbkar onun uşaqlarla görüşməsinə dair təkliflərini bir çox hallarda cavabsız qoymuşdur. Bu gün – 16 may 2021-ci il tarixində də o, tələbkara uşaqlarla görüşməsinə şərait yaratmış, lakin sonuncu uşaqları özü ilə apardıqdan sonra razılaşdıqları vaxtda qaytarmamışdır. Göstərilənlərin bir çoxu ilə bağlı videoyazılar mövcuddur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, icra məmuru tərəflərin istinad etdiyi dəlilləri ümumiyyətlə araşdırmamış, onların bildirdikləri sübutları əldə edib qiymətləndirməmiş və iş materiallarına əlavə etməmişdir. Göstərilənlər və işin digər faktik halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, icra məmuru inzibati xəta haqqında protokolu düzgün tərtib etməməklə yanaşı, məhkəməyədək icraat dövrünə aid olan sübutetmə vəzifəsini icra etməmiş, materialı məhkəməyə natamam təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Məsur oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-711/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-711/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver