Məhkəmə qərarları › İş №3(010)-714/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-714/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-714/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Qum Adası qəsəbəsi) Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 06 may 2021-ci il tarixli 00100-0890/21 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Qum Adası qəsəbəsi ünvanında qeydiyyatda olan «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi 21 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3999 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiya Federasiyasında fəaliyyət göstərən “AO X1 Kombinat” şirkətindən 90429580 nömrəli 09.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 52326287 nömrəli vaqonla göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 19 aprel 2021-ci tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «X2 Company Limited» şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar