Məhkəmə qərarları › İş №3(010)-722/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-722/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-722/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə X5 Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X5 Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 15:46-da Bakı Quba yolu ərazisində olarkən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, o, mebel sexində işləyir və ölkədə “Koronavirus" xəstəliyi ilə bağlı xüsusi karantin rejimi elan olunduğu vaxtdan işi ilə bağlı icazə portalından qeydiyyatdan keçmişdir. Daima həmin icazə ilə postlardan keçərək işə gedib-gəlmişdir. Lakin xx.xx.2020-ci ildə saat 15:37 radələrində işdən evinə qayıdarkən Ekologiya postunda polis əməkdaşı tərəfindən saxlanıldı. Saxlanılarkən iş yoldaşı X3 da yanında olub. Polis əməkdaşına icazənin olmasını bildirməyinə baxmayaraq ona və iş yoldaşına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilməsi barədə protokol tərtib etdi. O, polis əməkdaşına bildirdi ki, onlar səhər həmin postdan keçərək işə getmiş və həmin postu keçərkən onları yoxlamışlar və icazələrinin olub-olmaması ilə bağlı heç bir problemin olmadığını qeyd etdi. Polis əməkdaşı isə onlara hazırda icazə portalında adlarının olmamasını bildirdi. Onlar polis əməkdaşına karantin rejiminin ilk günündən icazələrinin olduğunu və ölkənin hər bir yerinə işi ilə bağlı hərəkət etdiklərini bildirsə də, polis əməkdaşı onların dediklərinə məhəl qoymayaraq, hər ikisinin barəsində protokol tərtib edərək, ayrı-ayrılıqda hər birinə 200 manat cərimə tətbiq etdi. Hesab edir tərtib olunmuş protokol qeyri qanunidir və onun əsasında qəbul olunmuş qərar da qanunsuzdur. Onun hər zaman pandemiya dövründə hərəkət etməyinə icazəsi olmuşdur. Polis əməkdaşı isə onun icazəsinin olub-olmamasını tam və hər tərəfli araşdırmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qanunsuz protokol tərtib etmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 təqdim etdiyi sənəd surətləri ilə müəyyən olunur ki, o, mebel təmirində sürücü kimi fəaliyyət göstərir. O, həmçinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verildiyini bildirir. Bu hallar inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı X5 Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar