Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-730/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 05 fevral 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, Cənnət Lahmacunun qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 05 fevral 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, nəqəliyyat vasitəsini idarə edən zaman dönməyə icazə verilməyən yerdən dönmüşdür. Bir az irəlilədikdən sonra Yol Patrul Xidmətinin avtomobili onun idarə etdiyi avtomobilə yaxınlaşaraq onu saxlamışdır. Yol Patrul Xidmətinin avtomobilindən patrul xidməti inspektoru düşərək onun avtomobilinə yaxınlaşaraq rəisin saxla əmri verdiyini və onu yol hərəkəti qaydalarını pozduğunu bildirərək barəsində protokol tərtib edilməsi üçün xidməti avtomobilə qayıtmışdır. Bundan sonra o, patrul xidməti inspektorlarının əyləşdikləri xidməti avtomobilə yaxınlaşıb onlara öz iradını bildirmişdir. Bu zaman patrul xidməti inspektorları xidməti avtomobildən düşmüş və sonuncularla aralarında sözlə mübahisələri olmuşdur. Həmin mübahisə zamanı o, əsəblərini cilovlaya bilməmiş və inspektora “səni ikiyə bölərəm” ifadəsini işlətmişdir. Bundan sonra hadisə yerinə çağırılmış çevik polis alayının əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Orada izahatı alınarkən əməlindən səmimi peşman olduğunu, gələcəkdə bu kimi hallara yol verməyəcəyini qeyd etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə göstərdi ki, Şəxs 05 fevral 2023-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş, orada onun izahatı alınarkən o, inzibati xətanı törətdiyini etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Buna görə də Şəxs izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 göstərdi ki, efirdə nəqliyyat vasitəsinin qayda pozuntusu etməsi barədə məlumat verildi. Həmçinin rəis efir vasitəsilə həmin nəqliyyat vasitəsinin saxlanılmasını və barəsində protokol tərtib edilməsini tələb etdi. Dərhal həmin yerə yaxınlaşaraq, həminn avtomobili saxlayaraq sürücüyə qayda pozuntusu etdiyini bildirmişlər. Lakin sürücü etiraz edərək onlarla ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı sürücü ona “səni ikiyə bölərəm, əynindəki formanı çıxart başqa cür söhbət edək” kimi ifadələr işlətmişdir. Onlar dərhal Şəxs, ictimai qaydanın mühafizə vəzifələrini icra etmələrinə maneçilik törətdiyini bildirib ondan bu hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin Şəxs onların tələblərinə məhəl qoymamışdır. Şəxs onların qanuni tələblərinə tabe olmadığını görüb efir vasitəsilə çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, sonuncular Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Hadisə zamanı xidməti avtomobildə qeydə alınmış videogörüntü olan diski məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 05 fevral 2023-cü il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektorlarının ünvanına alçaldıcı ifadələr işlətdiyinə, fiziki zor tətbiq edəcəyini nümayiş etdirməklə onları təhdid etdiyinə, habelə sonuncuların, vəzifələrini icra etmələrinə maneçilik törətdiyini bildirib ondan bu hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq, yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmadığına görə efir vasitəsilə köməyə çağırılmış çevik polis alayının əməkdaşları tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 05 fevral 2023-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuş, 06 fevral 2023-cü il tarixdə, saat 14:00da azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsyə cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxsyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-730/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-730/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver