Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-732/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə 20 avqust 1981-ci ildə Naxçıvan MR, Babək rayonu, Məzrə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən təqdim olunmuş 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 17 may 2021-ci ildə saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 8 nömrəli evin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Müvafiq məsələlərə baxaraq məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinin tələbinə zidd olaraq Şəxs fərdi identifikasiya nömrəsi göstərilməyib. Şəxs işin məhkəmə baxılmasına hazırlanması zamanı bildirmişdir ki, arvadı və iki uşağı Naxçıvanda yaşayırlar. Özü isə bir uşağı ilə müəyyən müddət ərzində Bakı şəhərində atasının evində yaşayıb. İşləyib qazancının hamısını evə gətirirdi. Xeyli müddət əvvəl anasına 250 manat miqdarında borc pul vermişdir. Hazırda Bakıda iş yeri tapa bilmədiyinə görə belə qərara gəlmişdir ki, uşağını da götürüb, Naxçıvana – ailəsinin yanına qayıtsın. Yol pulu olmadığına görə atasından və anasından xahiş etmişdir ki, onlara verdiyi 250 manat miqdarında borcun heç olmasa bir hissəsini qaytarsınlar ki, o, Naxçıvana gedə bilsin. Lakin bu xahişindən xeyli müddət keçdiyinə baxmayaraq, atası ona pulu qaytarmaqdan imtina edirdi. Növbəti dəfə pulunun qaytarılmasını xahiş etdikdə atası mübahisə yaratmış, yersiz səs-küy salmış və onun barəsində polisə şikayət etmişdir. Bununla əlaqədar polis əməkdaşları onun valideynlərinin yaşadığı ünvana gələrək, ondan polis bölməsinə getməsini tələb etmişlər. Cavabında məsələnin nə yerdə olduğunu bildirmiş və bölməyə sonra gələcəyini demişdir. Beləliklə, bir qədər polis əməkdaşlarının onun polis bölməsinə getməsi ilə bağlı tələbinə əməl etmədiyinə baxmayaraq, sonuncuların təkid etdiyini görüb onlarla birlikdə polis bölməsinə getmişdir. Hadisə zamanı heç kəsə müqavimət göstərməmiş, onlara qarşı heç bir qərəzli hərəkətə yol verməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdikləri inzibati xəta haqqında materialda olan raportun məzmunundan fərqlidir. Bu ziddiyyət iş materiallarında olan heç bir sübutla aradan qaldırılmamış, o cümlədən hadisənin şahidi olmuş şəxslərin, məsələn barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin atasının və anasının izahatları alınmamışdır. İnzibati xəta haqqında protokolun müvafiq bölməsindən də işə şahidlərin cəlb edildiyi görünmür. İş materialını nəzərdən keçirdikdə görünür ki, inzibati xəta haqqında protokolİXMnin müvafiq tələbinə zidd tərtib edilməklə yanaşı, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmayıb. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-732/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-732/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver