Məhkəmə qərarları › İş №3(010)-733/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-733/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-733/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oktay oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şəxs Oktay oğlunun, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sovet küçəsi, 12 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Oktay oğlunun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 1.780 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs Oktay oğlu bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, öhdəliyinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki o, tələbkara mütəmadi olaraq aliment pulu ödəmişdir. Lakin sonradan maddi vəziyyəti əlaqədar olaraq ödənişlərində müəyyən gecikmələr olmuşdur. Bununla belə hazırda icra sənədi üzrə yaranmış aliment borcundan tələbkara 300 manat ödəniş etmişdir. Bundan sonra aliment pulunu hər ay stabil olaraq ödəyəcək, eyni zamanda yaranmış aliment borcundan da ödənişlər edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Lakin borclu icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu tələbkara müəyyən ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə borclunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək 1.780 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs Oktay oğlundan xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx xxxxxx 2019-cu il tarixli qərarının və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2019-cu il tarixdə başlanılmış, borclu Şəxs Oktay oğluna icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs Oktay oğluna qeydiyyatda olduğu ünvana göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsin kartoçkasından görünür ki, borclu X4 mülkiyyətində “VAZ 21063” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil var. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs Oktay oğlu icra sənədi üzrə tələbkar X3 xx xxxx 2020-ci il tarixdə 300 manat ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasında məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verildiyini, lakin tələbin yönəldilə biləcək vəsaitin və ya əmlakın aşkar edilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən borclu X4 mülkiyyətində “VAZ 21063” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Beləliklə iş materiallarından görünür ki, icra məmuru Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən borclunun mülkiyyətində olan yuxarıda qeyd edilən nəqliyyat vasitəsi üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi istiqamətində hər hansı bir tədbir görməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Oktay oğlunun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara mütəmadi olaraq ödənişlər etdiyini, hal-hazırda da 300 manat ödədiyini, habelə icra məmuru tərəfindən Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən borclunun mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi istiqamətində hər hansı bir tədbir görülmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Oktay oğlunun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-5191/2019 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs Oktay oğlunun əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs Oktay oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar