Məhkəmə qərarları › İş №3(010)-737/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-737/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-737/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 21 may 2021-ci ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi» göstərilməlidir. Qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilən tələbinə zidd olaraq MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs fərdi identifikasiya nömrəsi göstərilməyib. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Ona görə də inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq xətanın obyektiv cəhətini təşkil edən əməli hansı konkret hərəkətlə və ya hərəkətsizliklə törətdiyi qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. 21 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi aşağıdakılar göstərilir: «Borclu Suraxanı Rayon Məhkəməsinin 2(010)-192/14 saylı 17.04.2014-cü il tarixli qərarını üzrsüz səbəbdən icra etmir. Aliment borcu var». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmədə baxılmasına hazırlanması zamanı bildirmişdir ki, X7 ilə ailə qurmuş, ümumi ailə münasibətlərindən 29 iyun 2009-cu ildə X8 adlı uşağı doğulmuşdur. Ailə münasibətləri alınmadığına görə o, iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək X7 ilə nikahının pozulmasını tələb etmiş, məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin, boşanmadan sonra uşağın onun yanında qalmasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmiş, 29 iyun 2009-cu il təvəllüdlü X3 anasının yanında qalması müəyyən edilmiş, həmçinin ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə 22 aprel 2014-cü il tarixindən hesablanmaqla aliment tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyinə baxmayaraq, uşaq anasının yanında qalmaqdan imtina etmiş, X7 isə vəziyyəti belə görüb uşağı elə İcra şöbəsində ataraq çıxıb getmişdir. Beləliklə, qətnamənin uşağın ananın yanında qalması ilə bağlı hissədə icrası uşaq anası ilə getməkdən birmənalı imtina etdiyinə görə mümkün olmamışdır. Nəyinki həmin vaxtdan etibarən, hətta X7 ilə faktik ayrıldığı vaxtdan başlayaraq uşağı o (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs), təkbaşına saxlayıb, uşağın bütün xərclərini və qayğılarını özü çəkib. 12 avqust 2013-cü il tarixindən etibarən uşaq bir gün olsa belə anasının yanında qalmamış, anası onun saxlanılması üçün heç bir xərc çəkməmişdir. Ona görə də ötən dövrdə tələbkarın xeyrinə aliment ödəməyib. Tələbkarın özü də cari ayın fevral ayınadək ondan alimentin ödənilməsini tələb etməmişdir. Buna baxmayaraq, ötən dövrdə tələbkarla aralarında bəzi məhkəmə mübahisələri olmuş, o, cümlədən keçmiş arvadının ona qarşı bir sıra əsassız tələblərinin qarşısını almaq məqsədilə məhkəməyə müraciət edərək X2 onun xeyrinə aliment tutulmasını tələb etmiş, məhkəmə həmin tələbi təmin etdiyinə baxmayaraq alimentin real ödənilməsinə nail olmağa heç vaxt çalışmamışdır. Həmçinin uşaq onsuz da onun yanında qaldığına görə cari ilin mart ayında iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək 29 iyun 2009-cu il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsini, həmçinin 22 aprel 2014-cü ildən hesablanan aliment borcunun silinməsini xahiş etmişdir. Bu iş Suraxanı Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 14 aprel 2021-ci il tarixli qərardadla rəy verilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Hələ ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilməyib. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra məmuru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiyi bir sıra xüsusatları işin məhkəmə baxışı zamanı təsdiqləyərək öz növbəsində bildirmişdir ki, həqiqətən də uşağın atadan alınaraq anaya verilməsi uşaq qəti imtina etdiyinə görə mümkün olmamışdır. Beləliklə, məhkəmə aktına əsasən alimentin hesablanmağa başlanmalı olduğu tarixdən bu günədək uşaq Şəxs yanında qalıb. Bunu nəzərə alaraq tələbkar da ötən dövrdə alimentin tutulması ilə bağlı məhkəmə aktının icrasını ümumiyyətlə tələb etməmişdir. Lakin o, borclu ilə arasında müəyyən mübahisələr yarandıqdan sonra, cari ilin fevral ayından başlayaraq, şikayətlər etməyə başlayıb. Bu səbəbdən o, borclu barəsində inzibati xəta haqqında protokol tərtib etməli olub. İcra məmuru eyni zamanda bildirir ki, hazırda Şəxs X5 qarşı iddia ilə məhkəməyə müraciət edərək uşağın onun yanında qalmasının müəyyən edilməsini və toplanmış aliment borcunun silinməsini xahiş edib. Bu iş üzrə hələ ki, yekun məhkəmə aktı qəbul edilməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun məhkəməyə bildirdiklərindən görünür ki, müvafiq məhkəmə aktına əsasən alimentin tutulmasına başlanmalı olduğu 22 aprel 2014-cü il tarixi də daxil olmaqla 29 iyun 2009-cu il təvəllüdlü X8 ötən dövrdə faktik olaraq atasının yanında qalmış, sonuncu onun bütün xərclərini və qayğılarını çəkmişdir. İcra məmurunun bildirdiklərindən həmçinin görünür ki, 17 aprel 2014-cü il tarixli 2(010)-192/2014 nömrəli icra vərəqəsi mövcud olduğuna və tələbkarın xeyrinə ötən dövrdə faktik olaraq heç bir aliment məbləği tutulmadığına baxmayaraq, X7 cari ilin fevral ayınadək İcra şöbəsinə narazılıq və şikayət bildirməmişdir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, iddiaçı Şəxs cavabdeh X5 qarşı «uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X7 ilə birgə nikahından olan qızı 29.06.2019-cu il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsini və 22.04.2014-cü il tarixdən hesablanmağa başlayan aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, ilk iddia üzrə cavabdeh X7 ilk iddia üzrə iddiaçı Şəxs qarşı «yığılmış aliment borcunun qarşılaşdırılaraq silinməsi» tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən Suraxanı Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli 2(010)-4973/2019 nömrəli qətnaməsi ilə ona qarşı yığılmış aliment borcunu Şəxs Suraxanı Rayon Məhkəməsinin 17.04.2014-cü il tarixli 2(010)-4793/2014 nömrəli qətnaməsinə ona ödənməli olduğu aliment borcu ilə qarşılaşdırılaraq onun aliment borcunun tamamilə silinməsi haqqında qətnamə qəbul edilməsini və ilk iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Göstərilən iş üzrə yekun məhkəmə qətnaməsi hələ ki, qəbul edilməyib. İnzibati xətanın MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş mahiyyəti ilə bağlı məsələyə qayıdaraq məhkəmə vurğulayır ki, icra məmuru həmin sənəddə Şəxs müvafiq məhkəmə aktını məhz üzrsüz səbəbdən icra etmədiyini göstərib. Bununla bağlı qeyd olunmalıdır ki, aliment uşağın saxlanılması, onun maddi tələbatlarının təmin edilməsi məqsədilə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə yanaşı icra məmurunun özü də məhkəmədə bildirmişdir ki, məhkəmə aktına əsasən alimentin hesablanmağa başlanmalı olduğu tarixdən bu günədək uşaq Şəxs yanında qalıb. Şəxs bildirdiklərindən həmçinin görünür ki, ötən dövrdə uşağın bütün maddi tələbatlarını özü qarşılamış, onun bütün qayğılarını təkbaşına çəkmiş, həmin müddət ərzində uşaq bir gün belə olsun anasının yanında qalmamış, anası uşağın saxlanılması üçün heç bir xərc çəkməmişdir. Əgər real vəziyyət həqiqətən də icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdikləri kimidirsə, onda alimentin ödənilməməsinin üzrsüz səbəbdən baş verdiyi sual doğurur. İcra məmuru icra sənədinin icra edilməməsinin hər hansı başqa üzrsüz səbəbinin mövcud olmasına dair də heç bir dəlil gətirməyib. Beləliklə, icra məmuru inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi borclunun Suraxanı Rayon Məhkəməsinin 2(010)-192/14 nömrəli iş üzrə 17 aprel 2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyini göstərdiyinə baxmayaraq, həmin üzrsüz səbəbin nədən ibarət olduğunu inzibati xəta haqqında protokolda göstərməmiş, qısaca da olsa təsvir etməmiş, qətnamənin məhz üzrsüz səbəbdən icra olunmadığına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə qənaətə gələrkən onu da nəzərdə alır ki, hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında Şəxs aliment borcunun silinməsinə dair iddia tələbi ilə mülki iş mövcuddur. Həmin iş üzrə hansı yekun qərarın qəbul ediləcəyi, o cümlədən iddianın təmin və ya rədd ediləcəyi məlum deyil. Göstərilənlər və işin digər faktik halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, icra məmuru inzibati xəta haqqında protokolu düzgün tərtib etməməklə yanaşı, məhkəməyədək icraat dövrünə aid olan sübutetmə vəzifəsini icra etməmiş, materialı məhkəməyə natamam təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar