Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-741/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızının iştirakı ilə, Şəxs, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, Döngə 2, 26G nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 1.510 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Aqili (Yusubova) Nigar Məmmədəli qızına ödənilməlidir. Qeyd etdiyi qətnamə qəbul edilərkən Qazaxstan Respublikasında olduğundan həmin qətnamədən məlumatı olmamış, 2020-ci ilin mart ayında Azərbaycan Respubliksına qayıtdıqdan sonra icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində olarkən bundan xəbəri olmuş və həmin vaxt icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın surəti ona təqdim edilmişdir. Bundan sonra mütəmadi olaraq ödənişlər etməyə başlamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdən hal-hazıradək tələbkara ümumilikdə 650 manat ödəniş etmişdir. Lakin icra məmuru və tələbkar ondan 2019-cu ilin avqust ayından yaranmış aliment borcunun birədəlik ödənilməsini tələb etmişlər. Taksi sürücüsü qismində fərdi əməklə məşğul olduğundan, habelə koronavirus infeksiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğu müddət ərzində işləyə bilmədiyinə görə gəlir əldə edə bilməmiş və bu səbəbdən də aliment borcunu birdəfəlik ödəyə bilməmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi xx xxxxxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İcra işi üzrə icaat zamanı borclunun ünvan 1üəyyən edilmişdir. Borclu Şəxs xx xxxx 2020-cı il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx xxxx 2020-ci il tarixdə isə onun şöbəyə gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirşin surətləri ona şəxsən təqdim edilməklə ilkin izahatı alınmışıdr. Borclu izahatında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən Bakıya gəldikdən sonra məlumatlı olduğunu, aliment qərarının icrasından yayınmadığını, tez bir zamanda yığılmış borclarını ödəyəcəyini bildirmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilmədiyindən, onun əmlak vəziyyəti elektron icra portalı vasitəsi ilə yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak müəyyən edilməmişdir. Borclu Şəxs tez-tez ölkə hüdüdlarını tərk etdiyi nəzərə alınaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair xx xxxx 2020-ci il tarixli təqdimatla Bakı şəhəri Suraxan rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx xxxx 2016-ci il tarixli, 8(010)-195/2020 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışıdr. Tələb borclu tərəfindən təmin edilmədiyindən xx xxx 2020-ci il tarixdə o, təkrarən şöbəyə dəvət edilmiş və növbəti dəfə izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməklə tələbi təmin etməsi üçün ona sonuncu dəfə vaxt verilmişdir. Sonuncu izahatından sonra borclu tərəfindən xx xxxx 2020-ci il tarixdə 150 manat aliment pulu tələbkarın xeyrinə ödənilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tələb borclu tərəfindən təmin edilmədiyindən onunla telefon vasitəsi ilə əlaqə yaradılmış və borcluya tələbi təmin etməyəcəyi halda müvafiq qaydada məsuliyyətə cəlb olunacağı barədə təkrar xəbərdarlıq edilməklə ona xx xxxx 2020-ci il tarixə qədər vaxt verilmişdir. İcra sənədi üzrə borclu Şəxs xx xxxx 2020-ci il tarixdə növbəti dəfə şöbəyə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında mövcud karantin rejmini və maddi imkanının zəif olduğunu əsas gətirərək tələbi tam olaraq təmin edə bilməyəcəyini bildirmişdir. Bundan sonra borclu xx xxxx 2020-ci il tarixdə tələbkarın xeyrinə 100 manat aliment pulu ödəmişdir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən, eləcə də tələbkar X1 şöbəyə və Ədliyyə Nazirliyinə etdiyi müraciətləri nəzərə alaraq borclu xx xxxx 2020-ci il tarixdə növbəti dəfə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclu izahatında taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq karantin müddətində işləmədiyini əsas gətirmiş və bu səbəbdən icra sənədinin icrasını təmin edə bilməyəcəyini bildirmişdir. İcraat dövründə borclu tərəfindən tələbkarın xeyrinə 250 manat aliment pulunun ödənilməsi təmin edilsə də, xx xxxx 2020-ci il tarixə 1.510 (bir min beş yüz on) manat aliment borcu yaranmışdır. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunmamış və bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızı göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Borclu müxtəlif bəhanlər gətirərək icra sənədini lazımi qaydada icra etməmiş və nəticədə onun 1.510 manat aliment borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixdən hal-hazıradək aliment borcundan ona ümumilikdə 650 manat ödəniş etmişdir. Sonda N.M.(Yusubova) Aqili borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 xx xxxxxx 2020-ci il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onların üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2020-ci il tarixdə başlanılmış, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs xx xxxx 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızına xx xxxx 2020-ci il tarixdən hal-hazıradək 650 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq və tələbin könüllü icrası haqqında bildirişin borclu Şəxs xx xxxx 2020-ci il tarixdə təqdim edildiyini, bundan sonra sonuncunun icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyini, habelə barəsində inzibati protokol tərtib edildikdən sonra isə tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızına aliment borcundan 500 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədi üzrə borcundan mütəmadi ödənişlər etdiyi, bununla da icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından, son dövrlər isə koronavirus infeksiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğundan rəsmi olaraq ona xx xxxx 2020-ci il tarixdə təqdim edilmiş icra sənədi üzrə 2019-cu ilin avqust ayından başlayaraq hesablanmış aliment borcunu birdəfəlik ödəyə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-741/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-741/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver