Məhkəmə qərarları › İş №3(010)-747/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-747/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-747/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X2 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 21 iyul 1974-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh 4048-50-60 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs, 07 may 2021-ci il tarixdə, saat 06:27-də, “TOYOTA PRİUS minik” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyinə görə Bakı şəhər X4 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən, sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.359 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də 07 may 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, 07 may 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “TOYOTA PRİUS minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman, avtomobili təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyinə görə yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmış və yol patrul xidməti inspektoru alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirmişdir. O, yol patrul xidməti inspektoruna 2 butulka pivə içdiyini etiraf etmişdir və protokolun nəticəsi ilə razıdır. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, 07.05.2021-ci il tarixli X2 protokoldan görünür ki, Şəxs, 07 may 2021-ci il tarixdə, saat 06:27-də, “TOYOTA PRİUS minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 07 may 2021-ci il tarixdə, saat 06:27-də, “TOYOTA PRİUS minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə 07.05.2021-ci il tarixdə spirtli içki içdiyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticəsi ilə razı olduğunu qeyd etmişdir. X2 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, 07.05.2021-ci ildə Şəxs 0,359 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə araşdırması zamanı barəsində X2 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X2 iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar