Məhkəmə qərarları › İş №3(010)-749/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-749/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-749/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 29 aprel 2021-ci il tarixdə, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı arvadı X3 qəsdən vuraraq, sonuncuya sol gözaltı nahiyənin qançırı, boyunun, sağ saidin və sağ biləyin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, X5 onun arvadıdır. X5 ilə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan onların 13 may 2020-ci il təvəllüdlü Mələk adlı qızları dünyaya gəlmişdir. 29 aprel 2021-ci ildə o, Kəmaləyə zəng etsə də sonuncu onun zənglərinə cavab verməmişdir. Həmin gün saat 22:45-də o, yaşadığı evə gəlmiş və Kəmalənin evdə olduğunu görmüşdür. O, evə daxil olduqdan sonra qardaşı Vahid də onların evinə gəlmişdir. Kəmalədən niyə zənglərinə cavab vermədiyini soruşduqda sonuncu həmin vaxt mağazanın qapısını bağladığına görə onun zənglərinə cavab verə bilmədiyini demişdir. Bundan sonra Kəmalə qışqırmağa başlamış, bu zaman qardaşı Vahid əlini Kəmaləyə tərəf uzadaraq qışqırmağının səbəbini soruşduqda Kəmalə Vahidin sağ qoulundan dişləmişdir. Həmin vaxt Kəmaləni heç kim döyməmiş, hadisə yaşadıqları evdə baş vermiş və orada o, qardaşı Vahid və arvadı Kəmalə olmuşdur. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs onun əridir. Onlar 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 13 may 2020-ci il təvəllüdlü qızları Mələk dünyaya gəlmişdir. 29 aprel 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində o, işlədiyi “Al” marketdən çıxan zaman Vasif ona zəng edərək harada olduğunu soruşmuş, sonuncuya marketin qapısını bağlayıb gələcəyini demişdir. Lakin Vasif tez-tez zəng etdiyindən sonradan o, mobil telefonunu söndürmüşdür. Həmin günü, saat 22:45 radələrində yaşadığı evə gəldikdə Vasif onu əxlaqsızlıqda ittiham etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt qaynı Vahid də onun yaşadığı evdə olmuşdur. Mübahisə zamanı Vahid onun saçını yolmuş, əlləri ilə baş və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Eyni zamanda əri Vasif də əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bu zaman o, özünü müdafiə etmək məqsədilə Vahidin qolundan dişləmişdir. Hadisə yaşadıqları evdə baş vermiş və orada o, qaynı Vahid və əri Vasif olmuşdur. Sonda K.Şəxsa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X4 bildirdi ki, X5 30 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək 29 aprel 2021-ci il tarixdə, saat 22:45 radələrində yaşadığı ünvanda əri Şəxs və qaynı X6 tərəfindən döyüldüyünü bildirmişdir. X2 izahatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 30 aprel 2021-ci il tarixli, 394 saylı rəyindən görünür ki, X2 bədən səthində sol gözaltı nahiyənin qançırı, boyunun, sağ saidin və sağ biləyin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 29 aprel 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Əli İsgəndərovun 20 may 2021-ci il tarixli qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan fakta görə inzibati tədbir görülməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoruna həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar