Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-75/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi X1, Hüquqi şəxs «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 28 dekabr 2024cü il tarixli EP seriyalı ******* protokol və ona əlavə edilmiş materiallar 13 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış, tərtib edilmiş protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi və «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilməsinə dair heç bir sübut əlavə edilməmiş, protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Beləliklə qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxs «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Bundan başqa, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 28 dekabr 2024-cü il tarixli EP seriyalı ******* protokolun baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə dair «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi və ya göndərilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Eyni zamanda 28 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, inzibati xəta 02 dekabr 2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən hşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi protokol, inzibati xətanın aşkar edildiyi gündən sonra qanunvericilklə müəyyən olunmuş vaxtı ötürülməklə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 28 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 101, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Hüquqi şəxs «COMFİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 28 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-75/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-75/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver