Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-750/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Svetlaya Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, “Al” marketdə satıcı işləyən, evli, himayəsində bir azyaşlı uşağı olan, Cəlilabad rayonu, Muğan Ərazi Dairəsi, Maşlıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 29 aprel 2021-ci il tarixdə, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində aralarında yaranmış mübahisə zamanı qaynı X5 qəsdən sağ saidin əzilmiş səthi yarası, sağ əlin 4-cü barmağının şişkinli qançırı, boyunun sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, X6 əridir. Onlar 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 13 may 2020-ci il təvəllüdlü qızları Mələk dünyaya gəlmişdir. 29 aprel 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində o, işlədiyi “Al” marketdən çıxan zaman Vasif ona zəng edərək harada olduğunu soruşmuş, sonuncuya marketin qapısını bağlayıb gələcəyini demişdir. Lakin Vasif tez-tez zəng etdiyindən sonradan o, mobil telefonunu söndürmüşdür. Həmin günü, saat 22:45 radələrində yaşadığı evə gəldikdə Vasif onu əxlaqsızlıqda ittiham etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt qaynı Vahid də onun yaşadığı evdə olmuşdur. Mübahisə zamanı Vahid onun saçını yolmuş, əlləri ilə baş və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Eyni zamanda əri Vasif də əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bu zaman o, özünü müdafiə etmək məqsədilə Vahidin qolundan dişləmişdir. Hadisə yaşadıqları evdə baş vermiş və orada o, qaynı Vahid və əri Vasif olmuşdur. Sonda Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X7 bildirdi ki, 29 aprel 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində qardaşı X4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin qarşısında dayanan zaman qardaşının arvadı Kəmalə yanından keçmiş, həmin vaxt Kəmalə onu güddüyünü deyərək ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra qardaşı Vasif gəlmiş və arvadı Kəmalənin onun zənglərinə cavab vermədiyini bildirmişdir. Vasiflə birlikdə onun yaşadığı evə getmiş, evdə olan zaman Kəmaləyə əri Vasifə hörmətsizlik etdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin vaxt Kəmalə onun sağ qolunu dişləmişdir. Həmin vaxt Kəmaləni heç kim döyməmiş, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində baş vermiş və orada o, qardaşı Vasif və sonuncunun arvadı Kəmalə olmuşdur. Sonda V.S.Quliyev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 bildirdi ki, X7 30 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək 29 aprel 2021-ci il tarixdə, saat 22:45 radələrində qardaşı arvadı Şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli evin 76 nömrəli mənzilində qolundan dişləyərək ona xəsarət yetirdiyini bildirmişdir. X3 izahatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 30 aprel 2021-ci il tarixli, 395 saylı rəyindən görünür ki, X3 bədən səthində sağ saidin əzilmiş səthi yarası, sağ əlin 4-cü barmağının şişkinli qançırı, boyunun sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 29 aprel 2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Əli İsgəndərovun 20 may 2021-ci il tarixli qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan fakta görə inzibati tədbir görülməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoruna həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-750/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-750/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver